“Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbirlər karantin qaydalarına uyğun keçiriləcək
Share:
Müasir dünyada baş verən qlobal proseslər digər ölkələrdə olduğu kimi Azərbaycan ailələrinə də öz mənfi təsirini göstərməkdədir. Bu bir həqiqətdir ki, məişət zorakılığı, gender əsaslı zorakılıq, erkən nikah və intihar halları ilə bağlı qarşılaşdığımız faktlar cəmiyyətdə haqlı olaraq narahatlığa səbəb olur. Qeyd olunan problemlərin qarşısının alınması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə institutunun daha da möhkəmləndirilməsi, valideyn-uşaq münasibətlərinin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu səbəbdən də həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsi zəruridir.
Qeyd olunan bütün məsələləri diqqətdə saxlayan və bu istiqamətdə fəaliyyətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq 2008-ci ildən etibarən hər il 15 may tarixi ölkəmizdə “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir.
“Beynəlxalq Ailə Günü” ərəfəsində Azərbaycanın bütün rayonları üzrə uşaq və yeniyetmələrin, gənclərin, o cümlədən gənc və həssas qruplara aid olan ailələrin iştirakı ilə sağlam və güclü ailələrin qurulmasının təbliğ edilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, sağlam həyat tərzi və digər mövzuları əhatə etməklə silsilə maarifləndirmə tədbirləri keçirilir. Bu tədbirlərin yekunu olaraq, Ailə bayramları keçirilir. Ailə bayramlarında hər bir rayonu təmsil edən 80-ə yaxın ailə (500-ə yaxın insan), xüsusilə də nümunəvi, uzunömürlü, eyni zamanda yeni qurulan ailələr iştirak edir. Cəmiyyət tərəfindən maraqla qarşılanan Ailə bayramı bu günə qədər Şamaxı, Lənkəran, Qax, İsmayıllı, Xaçmaz, Şəki, Abşeron, Şəmkir və Quba rayonlarında təntənə ilə keçirilib. Ötən il isə pandemiya şəraiti ilə əlaqədar olaraq, 15 may tarixini onlayn şəkildə qeyd etməli olduq. Bu da əlbəttə ki, istənilən nəticəni vermədi.
Ənənəyə sadiq qalaraq bu il də “Beynəlxalq Ailə Günü”nün qeyd edilməsi planlaşdırılır. Bununla bağlı silsilə maarifləndirici tədbirlərin bütün rayonlarda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarına uyğun olaraq keçirilməsi tövsiyə olunur. Bu ilki tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini xüsusilə, şəhid və qazi ailələrinə, o cümlədən azəminatlı ailələrə yönəltmək, onların iştirakına xüsusi önəm verməkdir.
44 günlük Vətən müharibəsində qazandığımız Qələbə, eyni zamanda karantin şərtlərinin bir qədər yüngülləşdirilməsi səbəbi ilə bu əlamətdar günün öncə Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin hazırki təhlükəsizlik məsələləri və karantin vəziyyəti ilə əlaqədar “Beynəlxalq Ailə Günü”nün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birinin yerləşdiyi İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulur. Satınalma predmeti üzrə dəyişiklik olduğundan, bununla əlaqədar müvafiq işlər aparılır.
Qeyd edək ki, Ailə Bayramının təşkili üzrə satınalma proseduru qaydaları Azərbaycan Respublikasının Satınalma Haqqında Qanunun tələblərinə uyğun olaraq elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (e-tender.gov.az) vasitəsilə həyata keçirilmiş, nəticələr barədə müvafiq qurumun rəsmi icazəsi alındıqdan sonra qalib təşkilat ilə müqavilə imzalanmışdır.