Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə UNİCEF arasında “2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində “2016-2017-ci illər üçün UHK-ın Koordinasiyasına dair Dövri İş Planı” imzalanıb
Share:
Mayın 19-u Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova UNİCEF-in (BMT-nin Uşaq Fondu) Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Andro Şilakadze ilə görüşüb.
Görüşdə uşaq hüquqlarının müdafiəsi, onların rifahının dəstəklənməsi, sosial xidmətlərlə əhatə olunması istiqamətində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün birgə əməkdaşlığın genişləndirilməsi və bu sahədə yeni layihələr müzakirə edilib.
Hicran Hüseynova qeyd edib ki, Komitə bir sıra ölkələrin aidiyyəti dövlət qurumları, eyni zamanda beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq münasibətləri qurur. O bildirib ki, Komitə uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müntəzəm olaraq tədbirlər keçirir. Xüsusən də Heydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Komitə tərəfindən 300-dək uşağın iştirakı ilə Ümumrespublika Uşaq Forumları keçirilib. Komitə sədri onu da qeyd edib vurğulayıb ki, ölkəmizdə UNİCEF-in səmərəli və geniş istiqamətli fəaliyyəti təqdirəlayiqdir.
Andro Şilakadze uşaqların müdafiəsi sahəsində Azərbaycanın uğurlu iş təcrübəsini qeyd edərək bildirib ki, UNİCEF bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdirmək əzmindədir.
Görüş zamanı Azərbaycan Hökuməti və UNİCEF arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində 2016-2017-ci illər üçün UHK-ın Koordinasiyasına dair Dövri İş Planı imzalanıb. Və sənəd üzrə görüləcək işlər müzakirə edilib.
Yekunda Komitə sədri Hicran Hüseynova yeni nəşr olunan “Azərbaycan ailəsi” adlı kitabı A.Şilakadzeyə hədiyyə edib.