“Böyük mübarizənin kiçik qəhrəmanları” sosial layihəsinə start verilib
Share:
15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük mübarizənin kiçik qəhrəmanları” adlı sosial layihəyə start verilib.
Layihənin ilk günündə ictimaiyyətin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaq, insanları xərçəng xəstəliyi ilə mübarizədə qabaqlayıcı tədbirlərin alınmasına təşviq etmək məqsədilə paytaxt və regionlarda RİİB könüllüləri tərəfindən müxtəlif məlumat xarakterli materiallar paylanılmış, əhalinin sıx olduğu ictimai məkanlarda, müalicə-diaqnostika mərkəzlərində, uşaq poliklinikaları və DOST mərkəzlərində maarifləndirici posterlər yerləşdirilmiş, eləcə də xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara mənəvi dəstək olmaq, onlara xoş əhval-ruhiyyə bəxş etmək üçün Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlara mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla hədiyyələr təqdim olunmuşdur.
Bundan əlavə, cəmiyyətdə uşaq xərçəngi ilə bağlı məlumatlılığın artırılması, onkoloji xəstəliklərlə mübarizə aparan uşaqlara, yeniyetmələrə və onların ailələrinə dəstək verilməsi üçün həyata keçirilən tədbirlər haqqında təşkilatçıların iştirakı ilə televiziya kanallarında ətraflı məlumat verilmişdir.
Layihənin davamı olaraq, yaxın günlərdə müxtəlif sosial çarxların yayımlanması, skrininq proqramı əsasında Milli Onkologiya Mərkəzinin səyyar həkim heyəti tərəfindən regionlarda uşaqlarda onkoloji xəstəliklərin erkən diaqnostikası və qarşısının alınması məqsədilə səyyar ultrasəs və rentgen müayinələrinin aparılması və müalicəsi nəzərdə tutulur.