“Texnologiyada Qadın Hərəkatı” adlı layihə ictimaiyyətə təqdim edilib
Share:
Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyinin “Texnologiyada Qadın Hərəkatı” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılması və bu sahədə problemlərin həllinə dair təşəbbüslər mövzusunda 7-ci KOBİA ilə birgə qrant müsabiqəsinin qalibi olmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi layihənin icra olunmasına təşkilati dəstək göstərərək birgə tədbirlərin və digər maarifləndirmə işlərinin aparılması istiqamətində tərəfdaş kimi çıxış edir.
Süni intellekt əsasında fəaliyyət göstərən sistem sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara hüquqi, psixoloji, biznes planların hazırlanması və onlayn məhsulların satışını həyata keçirmək istiqamətində dəstək göstərəcəkdir. Sistemdə hər bir qadına məxsus profil olacaqdır ki, öz maraq dairəsinə uyğun olaraq hüquqi, sosial, təhsil, iqtisadi məlumatlar ala bilər, bu sahədə mütəxəssis olan şəxslərlə canlı ünsiyyət qurmaq imkanı, əl əməyini, biznes imkanlarını, intellekt məhsullarını onlayn formada satışını həyata keçirə bilər. Layihə çərçivəsində mütəmadi olaraq bölgələrdə treyninq və təlimlərin keçirilməsini nəzərdə tutulur.
Qadınların istifadəsi üçün nəzərdə tutulmuş sayt “www.texnoqadin.az” adı ilə ictimaiyyətə təqdim edilib. Sistem avtomatlaşdırılmış bildiriş alqoritmi vasitəsilə fəaliyyət göstərərək, Kabinetim, Bildirişlər, Kateqoriyalar, Elan, Biznes layihələrin hazırlanmasına dəstək, İnvestor tap modulları vasitəsilə müxtəlif istiqamələrdə qadınlara dəstək göstərir. Məhsul və ya xidmət üzrə müraciətlər istifadəçilərə birbaşa göndərilir. Sistemdə “investor tap” bölməsi ideya və ya təklifi olan qadınların investorla əlaqəsinin yaradılmasına imkan yaradır. Eləcə də, layihə təklifini və biznes planlarının hazırlanması və hüquqi yardımları canlı ünsiyyət modulu vasitəsilə həyata keçirilir.