İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib
Share:
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.
- Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı?
- Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.
- Prezident Putin Sizi də Moskvaya dəvət edib?
- Xeyr.
- Dəvət olunsaydınız, getməyə hazırsınızmı?
- Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam və Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli təmasların tərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib.
- Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?
- Bəli, əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik.
- Siz ikinci atəşkəsin artıq uğursuz olduğunu, yaxud bitdiyini və döyüşün davam etdiyini deyərdiniz?
- Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar.
Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.
- Hələ ki, atəşkəs əsirlərin və cəsədlərin mübadiləsi də daxil olmaqla humanitar məqsədlər üçün elan edilmişdir. Sizcə bu atəşkəsin, - ola bilsin başqa atəşkəs də olacaqdır, - əsirlərin mübadiləsindən sonra bitəcəyi deməkdir? Yəni, bu, qüvvədə olacaq əsaslı atəşkəs, yoxsa, müvəqqəti atəşkəs olacaqdır?
- Bəli, atəşkəs humanitar zəmində elan olunmuşdur. Bildiyiniz kimi, Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, bizim tərəfimizdən və Minsk qrupu tərəfindən rədd edilmişdir. Buna görə, əlbəttə, əgər Ermənistan danışıqlara sadiq qalarsa və əraziləri boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürərsə, - hansını ki, onlar hələ də elan etməyiblər, - bu halda bu atəşkəs uzunmüddətli olacaqdır. Çünki biz bu problemi sülh yolu ilə həll etmək istəyirik. Lakin, əgər onlar resurslarını səfərbər etmək, əlavə əcnəbi hərbi yardım almaq və bizə qarşı yeni hücuma keçmək üçün bu atəşkəsdən istifadə etməyə cəhd göstərəcəklərsə, əlbəttə, bu atəşkəs uzun müddət davam etməyəcəkdir. Bu, onlardan asılıdır.
- Beləliklə, danışıqlar masasına oturmaq üçün hər hansı danışıqları aparmadan öncə əvvəlcədən Ermənistandan ən azından yeddi rayonun bəzilərini boşaltmağa razılaşmağı tələb edəcəksiniz?
- Onlar bu əraziləri boşaldacağına dair üzərilərinə ciddi öhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə. Buna görə Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir.
- Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonu boşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazır olarsınızmı?
- Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır.
- Bu, əvvəlcədən elan olunmalıdır.
- Bütün azərbaycanlılar öz qədim torpaqlarına qayıtmalıdır.
- Rusiyanın müşahidəçi qruplarının göndərilməsinə dair təklifinə və ya beynəlxalq müşahidəçilərlə bağlı nə deyərdiniz?
- Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissəsidir, ünvanlanmalı olan ən son məsələlərdən biridir və əlbəttə ki, hər iki tərəf, - Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına razılaşmalıdır. Buna görə, biz danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməmişik. Hesab edirəm ki, Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər.
Çünki bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. Çünki indi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki, bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi irəli sürəcəyik.
– Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız?
- Mən bu yaxınlarda demişdim ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Eyni zamanda, mən dedim ki, biz Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail ola bilmişdik. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Həmçinin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır.
– Siz Minsk qrupunun həmsədrləri arasında Rusiyanın vasitəçi kimi, aparıcı vasitəçi kimi rolu barədə nə deyə bilərsiniz? Siz deyə bilərsiniz ki, Rusiya ədalətli olub?
- Bilirsiniz, Minsk qrupunun üç həmsədrinin eyni hüquqları və eyni mandatı var. Odur ki, mənim bildiyimə görə bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlar.
- Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışıqlar prosesində daha fəal olmağını istəyirsinizmi?
– Bu, sözsüz ki, Türkiyənin siyasi gündəliyindən asılıdır. Mən Türkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə müsahibələrimdən birində demişdim ki, Türkiyə hətta həmsədr də ola bilərdi. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüz ki, Türkiyənin namizədliyini dəstəkləyərdi və əminəm, Türkiyə həmsədr olmaqda israr edərdi. Əfsuslar olsun ki, 1992-ci ildə bu, baş vermədi. Beləliklə, bu, hüquqi tərəfdir. Praktiki tərəfdən, bildiyiniz kimi, Türkiyə və Rusiyanın prezidentləri, Xarici İşlər nazirləri, Müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər. Ona görə də, Ermənistanın dediyi kimi, əgər kimsə deyirsə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistanın işi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, çünki o, sabitlik gətirəcək. Həmçinin düşünürəm ki, Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm dəstəkləyirik.
– Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ərazisidir. Lakin, eyni zamanda, orada çox sayda erməni əhalisi var. Siz zəmanət verə bilərsinizmi ki, Azərbaycan nəzarəti geri qaytarandan sonra erməni əhali orada təhlükəsiz şəraitdə və bərabər hüquqlarla yaşaya biləcək?
– Bəli, sözsüz ki. Mən münaqişənin bu aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. Sizə deyə bilərəm ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da, - bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi, - İrəvanı paytaxt kimi Ermənistana verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi, abidələrimizi dağıdıblar. Burada - Bakının mərkəzində isə çox sayda erməni kitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda və Azərbaycanın başqa yerlərində çox sayda, minlərlə erməni yaşayır. Sizin orada yaşayan çox sayda erməni ilə bağlı dediyiniz məqama gəlincə, bizdə olan məlumata görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər bizə qarşı etnik təmizləmə həyata keçiriblər. Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalar zamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası döyüş meydanında alacağıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik.
– Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi?
– Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt.
- Döyüş meydanından danışarkən, Ermənistanın Liviyada, Suriyada yaşayan erməniləri cəlb etdiyinə dair məlumatlar var. Eyni zamanda, QHT, dəqiq desək, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu iddia edir ki, Suriyadan çox sayda etnik türkmən döyüşçü hazırda Sizin qüvvələrinizlə birlikdə döyüş meydanındadır. Bu, doğrudur, ya yox?
– Xeyr, bu, doğru deyil. İlk növbədə, mən bildirmək istərdim ki, Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Hətta Ermənistanın baş naziri bunu etiraf edib. Lakin o bildirib ki, onlar köklü ermənilərdir. Birincisi, heç kim bilmir onlar köklü ermənilərdir, ya yox. Bizdə məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Bizdə Fransa, ABŞ vətəndaşlarının, erməni əsilli, lakin bu ölkələrin vətəndaşları olan şəxslərin, keçmiş sovet ölkələrinin vətəndaşlarının, Yaxın Şərq ölkələrinin vətəndaşları ilə birlikdə bizə qarşı döyüşməsinə dair dəlillər var. Ermənistan birinci Qarabağ müharibəsində muzdlulardan istifadə edirdi. Bu, sirr deyil. Onlardan bəziləri Azərbaycan tərəfindən zərərsizləşdirilib və ermənilər onların şərəfinə böyük abidələr ucaldıblar, beynəlxalq terrorçuların şərəfinə abidələr. Bu, Ermənistanın terrorçu dövlət olduğunu göstərir.
Azərbaycana gəlincə, birincisi, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu adlandırılan QHT etibarlı təşkilat deyil. Biz onların Suriyadakı müharibə ilə bağlı yaydığı çox sayda feyk xəbərləri bilirik. Bu, siyasi motivasiyalı olan “QHT”yə etibar, etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdirdiyini yoxlamalı, sonra bu şayiələrin arxasında kimin durduğunu öyrənməliyik. İkincisi, bizə heç bir ölkə tərəfindən bir dəlil belə təqdim olunmayıb. Yalnız şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübut tələb etdim. Dedim yaxşı, biz artıq 20 gündən çoxdur ki, münaqişənin aktiv fazasındayıq, sübutlar haradadır? Bizə dəlil təqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız, nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz var. Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşçüyə ehtiyacımız olsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə, buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış məlumatdır.
– Sizin dəfələrlə dediyiniz kimi, heç bir mücahid, hətta heç bir türkmən yoxdur?
– Xeyr, başqa ölkələrdən gəlmiş Azərbaycan əsilli insanlar ola bilər. Biz bunu istisna etmirik. Çünki bizdə çox sayda könüllülər var. İnsanlar könüllü şəkildə öz ölkələrini müdafiə etmək istəyə bilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycan əsilli insanlar gəlir. Lakin bu, təqdim olunduğu kimi deyil ki, Azərbaycan döyüşmək üçün terrorçuları dəvət edib. Bu, yanlış məlumatdır.
– Siz Azərbaycan əsilli həmin könüllülərdən xəbərdarsınız?
– Mən dedim ki, istisna etmirəm. Ola bilər. Lakin biz xaricdə yaşayan azərbaycanlılardan gəlib tarixi Vətəni uğrunda döyüşmək üçün çox sayda müraciət, çox sayda məktub alırıq. Lakin bizim mövqeyimiz belədir ki, buna ehtiyacımız yoxdur. Döyüş meydanında kifayət qədər insanımız var.
– Yaponiya şirkətləri Azərbaycanın neft kəməri layihələrinə qoşulub. Onlar burada investordur. Sizin kəmərlərin təhlükəsizliyi ilə bağlı narahatlığınız varmı? Bu yaxınlarda, bu il ərzində açılması planlaşdırılan TAP kəmərinin təxirə salınması riski varmı?
– Xeyr, TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər.
– Sizinlə görüşmək imkanımız çox nadir hallarda olduğundan, icazə verin, ümumilikdə, ölkənin gələcəyi ilə bağlı bir neçə sual verim.
– Bəli, buyurun.
- Azərbaycan dünyada sənaye üsulu ilə neft istehsal edən ilk ölkədir.
- Bəli, doğrudur.
- Sizcə, ölkə postneft dövrünə necə keçəcək? Yaponiya şirkətlərinin bunda iştirakına dair Sizin hansısa gözləntiləriniz varmı?
– Bəli, əlbəttə ki, bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir.
Yaponiya şirkətlərinə gəlincə, onlar burada enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq.
– Siyasi islahatlar barədə nə deyə bilərsiniz? Əsasən Qərb ölkələri tərəfindən tənqidlər var ki, Siz özünüz atanızdan sonra hakimiyyətə gəlmisiniz, indi xanımınız Birinci vitse-prezidentdir. Siz demokratiyanı təşviq etməyə, müxalifətə hakimiyyətə yol açmağa hazırsınızmı?
– Düşünürəm ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmişkən, bizdə internet azaddır. Bizi tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq.
Yalnız iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat. Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə bizi tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar. Bizim gözümüzün önündə, beynəlxalq ictimaiyyətin gözü önündə dırnaqarası demokratiyalarda nümayişlərin necə dağıdıldığını, insanların mitinqlərdə necə öldürüldüyünü, yaralandığını, xəsarət aldıqlarını görürük. Biz bunları hər həftə görürük. Etirazçıları dağıtmaq üçün polisin itlərdən və atlardan necə istifadə etməsini görürük. Siz bunu Azərbaycanda görməyəcəksiniz, heç vaxt. Buna görə bizi tənqid edənlər, yaxşı olardı ki, öz işləri ilə məşğul olsunlar. O ki qaldı, sizin mənim atamın davamçısı kimi dediklərinizə, bəli, bu, həqiqətdir. Lakin mən atamın xələfi olmamışdan əvvəl uzun illər idi, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci ildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini olmuşdum və Baş Nazir olmuşdum. Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdur və əlbəttə ki, onlar bunun onların təqdim etmək istədiyi kimi olmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danışmır? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlət katibi və sonra da prezident namizədi olması haqqında danışmır və bunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy, onlar özlərinə baxsınlar. Xanımıma gəldikdə, mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir.
–Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var.
- Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır.
- Zati-aliləri, icazə verin, söhbətimizi sonuncu sualla yekunlaşdırım. Gəlin, ümidverici bir məqamla bitirək. Sizin münaqişənin sülh yolu ilə nizamlanmasına ümidiniz varmı? Sülh Ermənistan və Azərbaycana nə verə bilər? Çünki Ermənistan dənizə çıxışı olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfində sərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh iki ölkəyə nə verə bilər?
- Bəli, əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid edirəm. İndi məsələn, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşıq və bizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın, biz birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, Gürcüstanda Türkiyə ilə birlikdə birinci və ya ikinci ən böyük investordur. Birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Yeri gəlmişkən, 1990-cı illərin ortalarında, boru kəmərinin tikintisi məsələsi müzakirə olunanda Qərbdən bu boru kəmərinin Ermənistandan keçməsi ilə bağlı bəzi təkliflər var idi. Lakin belə olan halda Ermənistan əraziləri boşaltmalı idi və belə olduqda boru kəməri Azərbaycandan Ermənistana, sonra Naxçıvana və oradan Türkiyəyə keçə bilərdi. Bu, ən qısa marşrut idi. Xəritəyə baxsanız, siz boru kəmərinin keçdiyi marşrutu görəcəksiniz. Ermənistandan yan keçmək üçün o, bu cür çəkilib. Lakin ermənilər düşünürdü ki, biz bu boru kəmərini inşa edə bilməyəcəyik. Ona görə onlar yox dedilər. Hesab edirəm ki, indi onlar buna çox peşmandırlar. İşğala görə onlar dalana dirəniblər. Onlar hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir yollarını inşa edə bilməyəcəyik. Onlar həmişə Qars-Gümrü dəmir yolunun istismarını dəstəkləyirdilər. Bu dəmir yolu mövcud idi, lakin Ermənistanın işğalına görə bizim qardaş Türkiyə onu bağlamışdır. Beləliklə, əslində, Ermənistanın dənizə çıxışı var, lakin Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi yoxdur. Bəlkə siz bilmirsiniz, lakin onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indiki vaxtda malik olmaq üçün gərək ağılsız olasan. Lakin bu, onların ideologiyasının mahiyyətidir. Danışıqlar aparılan zamanı əvvəlki Ermənistan hökumətinə mesajlar göndərilmişdir ki, onlar işğala son qoyduğu təqdirdə Azərbaycan Dağlıq Qarabağda müxtəlif sosial və iqtisadi layihələri icra edə bilər. Bu mesajlar Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki prezidentlərinə göndərilmişdir və onlar bunları rədd etmişdir. Bu gün Dağlıq Qarabağda insanlar yoxsulluq içində yaşayırlar. Bilirsiniz, orada tam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağıdılıb. Biz sərmayə yatırmağa hazır idik. Lakin biz dedik ki, əraziləri boşaldın və biz sizə kömək edərik. Bu gün biz özümüz əraziləri azad etdikdə, əlbəttə ki, biz o insanlara, Dağlıq Qarabağda yaşayan ermənilərə və sözsüz ki, bu ərazini yenidən qurmaq üçün qayıdacaq azərbaycanlılara kömək edəcəyik. Lakin əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, əlbəttə ki, biz bütün kommunikasiyaları açacağıq. Mən bilirəm, həmçinin Türkiyə hökumətinin mövqeyi barədə də eşitmişəm ki, onlar da Ermənistanın əraziləri boşaltdığı təqdirdə kommunikasiyaları açacaqlar. Onda Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcəkdir.
- Cənab Ərdoğan bu niyyəti barədə Sizə bir şey deyibmi?
- Ola bilsin biz bunu birbaşa müzakirə etməmişik. Lakin, əlbəttə, biz bilirik ki, belə bir mövqe var. Ermənistan-Türkiyə sərhədi işğala görə bağlıdır. İşğala son qoyulsa, sərhəd açılacaq. Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunu bilirlər. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bizdə olan məlumata görə, bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, iki milyondan az və o, daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərə baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim torpağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə edirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizim məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri gəlmişkən, onlar istənilən halda tezliklə fəaliyyətlərini dayandıracaqlar. Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrum olduqlarına görə onlar hətta daha çox problemlərdən əziyyət çəkəcəklər və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik. Bizim əhalimiz artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə iki milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik.
-Bu imkana görə çox sağ olun. Bakıda olmaq həmişə bizdə məmnunluq hissi oyadır.
- Təşəkkür edirəm.