“Gender məsul şəxslərin vəzifələri və gender məsələlərinin təhlili” mövzusunda təlimlər yekunlaşdı
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə 16-23 oktyabr 2020-ci il tarixlərində “Gender məsul şəxslərin vəzifələri və gender məsələlərinin təhlili” mövzusunda onlayn təlimlər keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirakçılara təlim haqqında ətraflı məlumat verərək, gender bərabərliyinin təbliğ olunması, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində gender məsələləri üzrə məsul şəxslərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb. O, qeyd olunan sahələr üzrə məsul şəxslərin təhlil və araşdırma aparmaq ilə bağlı və gender bərabərliyinin təmin edilməsi istiqamətində bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayaraq, təlimlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, profesor Rəna Mirzəzadə gender məsul şəxslərin vəzifə təlimatları barədə məlumat verərək, dövlət qadın siyasəti, gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər haqqında nəzəri və praktiki məlumatlar verib. O, gender məsul şəxslərin çalışdıqları qurumlarda gender bərabərliyinin təmin olunması və gender mədəniyyətinin təbliğ olunması istiqamətində işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bakı Dövlət Universitetinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi Nigar Səfərova təlimçi qismində çıxış edərək iştirakçılara gender məsələlərinin təhlili, praktiki və strateji gender ehtiyacları, dövlət qurumlarının planlarına gender bərabərliyinin daxil edilməsinin “SWOT” təhlili (güclü və zəif tərəflərin qiymətləndirilməsi), gender həssas göstəricilər haqqında iştirakçıları məlumatlandırıb.
Təlimlər mərkəzi icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxslərinin iştirakı ilə mövzu ətrafında qarşılıqlı müzakirə formatında keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlimlərdə ümumilikdə 40 nəfər iştirak edib.