“Azərbaycanın sehirli abidələri” adlı kitabın təqdimatı keçirildi.

14 July 2016

Share:

İyulun 13-də Müasir İncəsənət Muzey Mərkəzində Azərbaycan Memarlar İttifaqı,  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və “NARGİZ” jurnalının birgə təşkilatçılığı ilə “Azərbaycanın sehirli abidələri” adlı kitabın təqdimatı keçirilmişdir.

Maddi mədəniyyətimizin nadir memarlıq nümunələrinin tarixindən bəhs edən bu kitab Azərbaycanda uşaq ədəbiyyatı nəşrləri arasında unikallığı ilə seçilir. Bu unikal nəşr təkcə uşaqlar, məktəblilər üçün deyil, orta yaşlı oxucular üçün də əsl ensiklopediyadır. Kitabın müəllifi isə sənətşünaslıq doktoru, Azərbaycan Memarlar İttifaqının məsul katibi, tanınmış memar Elçin Əliyev və onun oğlu, 10-cu sinif şagirdi Naib Əlizadədir. Qeyd edək ki, kitabdakı məlumatlar asan başa düşülsün deyə, uşaqlar üçün sadə dildə yazılmışdır. Kitaba 40-dan artıq memarlıq abidəsinin hekayəsi daxil edilmişdir. Mətnlərin müəllifi Elçin Əliyev,  rəsmlərin müəllifi isə xalq rəssamı Nüsrət Hacıyevdir.

Təqdimatda Muzeyin direktoru Xəyyam Abdinov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov çıxış etmiş, kitabın nəşrinin uşaqların maariflənməsi baxımından gözəl təşəbbüs olduğunu söyləmişlər.

Tədbirin sonunda Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri Nizami rayon uşaq-gənclər yaradıcılıq mərkəzinin bədii kollektivi rəqs nömrələri ilə çıxış etmişlər.