Komitənin Mərkəzlərində Erkən nikahla bağlı maarifləndirmə tədbirləri keçirilib
Share:
15 Sentyabr 2020-ci il tarixində Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qadın Resurs Mərkəzinin təşkilatçılığı ilə erkən nikah mövzusunda tədbir keçirilib. Tədbirdə Sabirabad UADM-nin əməkdaşları, Qadın Resurs Mərkəzinin koordinatoru və rayon sakinləri iştirak ediblər.
Tədbir zamanı erkən nikah və onun fəsadlarından, Mərkəzin qarşısını aldığı erkən nikah faktlarından söhbət açılıb, eyni zamanda, erkən nikahlarla mübarizə sahəsində milli qanunvericilikdə və beynəlxalq konvensiyalarda hüquqi tənzimlənmə qaydası haqqında məlumat verilib.
Təbirin sonunda Sabirabad UADM-i tərəfindən iştirakçılara mövzuya dair maarifləndirici bukletlər göndərilib.
18 sentyabr 2020-ci il tarixində Ağdam UADM-in təşkilatçılığı ilə “Erkən nikahın fəsadları” adlı aksiya keçirilib. Aksiya çərçivəsində mövzu əsasında hazırlanmış bukletlər 50 nəfər sakininin elektron poçt ünvanına göndərilib və mərkəz könüllüləri tərəfindən köçkün qəsəbə sakinləri arasında paylanılıb.
Aksiyanın keçirilməsində məqsəd köçkün əhali arasında uşaqların erkən yaşda ailə qurmağa məcbur edilərək təhsildən yayınması hallarının, erkən nikahların səbəb olduğu uşaq intiharlarının qarşısının alınması, sağlam nəslin yetişdirilməsi və uşaq sağlamlığının qorunması üçün sağlam ailə modelinin təbliğ edilməsi idi.