Lerik rayonunda məişət zorakılığı və qadın hüquqları mövzusunda seminar keçirildi

10 October 2015

Share:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Cari il üçün layihə 8 rayonu əhatə edəcəkdir. Artıq Qazax, Şəmkir, Lənkəran, Astara, Cəlilabad, Lerik bölgələrində keçirilən seminarlarda 210 nəfər qadın və kişi iştirak edib. Qeyd edək ki, layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir.

Layihə üzrə növbəti seminar Lerik rayonunda Heydər Əliyev Mərkəzində təşkil edilib. Lerik rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə seminarda rayon və kənd məktəblərinin direktorları, müəllimlər, mədəniyyət sahəsində çalışanlar, və digər kənd ziyalıları iştirak ediblər. Seminarı Lerik rayon İcra hakimiyyəti baçşısının müavini Arzu Vəliməmmədova açaraq layihə çərçivəsində növbəti seminarın Lerik rayonunda təşkil edilməsinə görə təşəkkürünü bildirib və layihənin əhəmiyyətindən bəhs edib.

Seminarın birinci günü məişət zorakılığı haqqında, ikinci gün isə ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edilib. Seminarlarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı metodiki vəsait kimi iştirakçılara paylanılıb. İştirakçılara cəmiyyətdə bərabərhüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində 10 oktaybr 2010-cu ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun haqqında, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi və s. haqqında ətraflı məlumatlar verilib. Seminarlarda ekspert kimi Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova və GİZ-in nümayəndəsi kimi Gülər Səfərova seminarlarda iştirak edib.

Seminarın məqsədi insan hüquqlarının və azadlıqlarının təmin olunmasında, bərabərlik və inkişaf strategiyalarının həyata keçirilməsində bu gün ən ciddi maneələrdən biri olan məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunması, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsidir.

Seminarın sonunda iştirakçılar Komitəyə və GİZ-ə maraqlı və faydalı maarifləndirmə işləri həyata keçirdiklərinə görə minnətdarlıq edib və bu tədbirlərin davamlı olması arzularını ifadə ediblər.

Seminarlar zamanı həmçinin bəzi iştirakçılara onların xahişləri əsasında Komitənin nümayəndəsi tərəfindən hüquqi və psixoloji məsləhətlər verilib.