Yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün gender bərabərliyi siyasəti mövzusunda onlayn təlimlər keçirilir

3 July 2020

Share:

01 iyul 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə “Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda keçirilən videokonfransın davamı olaraq, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin iştirakı ilə onlayn təlimlərə başlanılıb.

Təlimlər ilkin olaraq Abşeron və Sumqayıt bələdiyyələri üçün iyulun 3-dən başlayaraq keçirilir.

Təlimi Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov açaraq, təlimin məqsədi və əldə ediləcək nəticələr haqqında məlumat verib. O, çıxışında dövlət qadın siyasəti, gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələri diqqətə çatdırıb.

Təlim çərçivəsində Gender Bərabərliyinə dair Dialoqun təşviqi üçün gender problematikasının təhlili, yerli hakimiyyət orqanlarının fəaliyyət planlarına gender bərabərliyinin daxil edilməsinin “SWOT” təhlili, yanaşma və strategiyası, Gender-həssas göstəricilər və digər mövzular müzakirə olunub. Təlim Bakı Dövlət Universitetinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi, “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyələr”in müəlliflərindən biri Nigar Səfərova tərəfindən aparılıb.

Qeyd edək ki, təlimlər cari il ərzində bütün regionları əhatə etməklə davamlı olaraq keçiriləcəkdir.