“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirildi
Share:
01 iyul 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə “Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. O, bu istiqamətdə mütəmadi olaraq keçirilən təlimlər haqqında danışaraq, əhəmiyyətini qeyd edib.
Komitə sədri bildirib ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün zəruri hüquqi baza mövcuddur və bu, birinci növbədə ali sənəd olan Konstitusiyada öz əksini tapmışdır. Bundan əlavə, Azərbaycanın tərəfdar çıxdığı və qoşulduğu beynəlxalq sənəd və konvensiyalar da bu sahədə yaradılan hüquqi bazanın əsasını təşkil edir. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramları ardıcıl surətdə həyata keçirilməkdədir. Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar, qəbul edilən dövlət proqramları, milli fəaliyyət planlarının icrası öz səmərəli nəticəsini verməkdədir.
B. Muradova çıxışında bildirib ki, görülən genişmiqyaslı və çoxşaxəli işlərin nəticəsidir ki, bu gün Azərbaycan qadınları qərarqəbuletmə və idarəetmədə mühüm yerləri tuturlar. Bütün sahələrdə gender bərabərliyi komponentinin təmin edilməsi məsələsi yerli özünüidarəetmə orqanlarında da nəzərə alınmışdır. 2019-cu ildə keçirilən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların say nisbətinin 39 faizə çatması bu istiqamətdə xeyli yüksəlişin əldə olunduğunu bir daha təsdiq etdi. Komitə sədri bildirib ki, bələdiyyə üzvləri yerli özünüidarəetmə orqanlarının nümayəndələri kimi əhali ilə daha sıx təmasda olduğu üçün əhalinin bütün təbəqələrini, xüsusən də həssas qrupdan olan insanları, gənc ailələri daha yaxından tanımaq və yerlərdə mövcud problemləri müəyyən etməyə malik şəxslərdir, bu səbəbdən də onların gender bərabərliyi, qadın və uşaq hüquqları istiqamətində maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bələdiyyələr öz fəaliyyətlərini əhalinin maraqlarının və ehtiyaclarının təmin edilməsi, onların fikir və mövqelərinin nəzərə alınması istiqamətində qurmalıdırlar. Bu baxımdan da yerli özünüidarəetmə orqanlarında Gender komissiyalarının yaxud gender üzrə məsul şəxslərin müəyyən edilməsi mühüm məsələdir və öz müsbət töhfəsini verəcəkdir.
“Gender bərabərliyi hədəfləri son illər milli inkişaf siyasətində və iqtisadi strategiyalarda ifadə edilmişdir” - deyən Komitə sədri qeyd edib ki, bərabərlik prinsipini rəhbər tutaraq, bərabər imkanlar siyasətinin yaxşılaşdırılması üçün institusional mexanizmlərin qurulmasına zərurət yaranmışdır. Bu mexanizmlərdən biri kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bütün dövlət orqanlarında yaradılan gender məsələləri üzrə məsul şəxslər təyin edilmişdir. Komitə qeyd olunan institusional vahidlərin fəaliyyət təcrübəsinin gücləndirilməsi istiqamətində mütəmadi səylər göstərməkdədir. B. Muradova Komitə, GİZ və BDU-nun birgə nəşri olan “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyələr” adlı çap materialının əhəmiyyətindən də bəhs edərək, bələdçinin bələdiyyə orqanlarının nümayəndlərinin fəaliyyəti üçün səmərəli olacağına əminliyini ifadə edib.
Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova çıxış edərək, bildirib ki, bu gün Azərbaycanda demokratik proseslər fonunda bütün sahələrdə olduğu kimi yerli idarəetmə, yerli qərarların qəbuletmə prosesində qadınların fəaliyyətləri diqqəti cəlb etməkdədir. Müasir dövrdə bələdiyyələrin timsalında ölkənin inkişaf və tərəqqisi üçün vətəndaş fəallığının yeni təzahürləri özünü göstərməkdədir. H. Hüseynova yerli özünüidarəetmə sahəsində dünya təcrübəsinə də diqqət çəkərək bildirib ki, bir sıra Avropa ölkələrində (Almaniyada, Avstryada) bələdiyyələrdə gender bərabərliyinin təmin olunması və məişət zorakılığının qarşısının alınması üçün xüsusi komissiyalar yaradılmışdır. Onlar davamlı olaraq maarifləndirmə və profilaktiki işlər aparırlar. Bu cür komissiyaların ölkəmizdə yaradılması mühümdür və öz müsbət nəticəsini verəcəkdir. O bildirib ki, xüsusi məqamlardan biri də bələdiyyələrin fəaliyyətində qadınların özlərini təsdiq etməsidir. Bəzən qadınlar yerli idarəetmə orqanlarına seçilsələr də, bilik və təcrübələrinin az olması onlara fəaliyyət göstərməkdə çətinlik yaradır. Qadınlarımızın imkan və bacarıqlarının reallaşdırılması, keyfiyyətli fəaliyyət göstərməsi vacibdir. Elə dövlətin əsas məqsədi də onların cəmiyyətin həyatında daha aktiv iştirak etməsinə nail olmaqdır.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov çıxışında son seçkilərdə əldə edilən uğurlu nəticələri diqqətə çatdırıb. O, ötən ilki seçkilərdə qadınların sayının artması ilə bərabər, onların 90 faizinin ali təhsilli olmasını da xüsusilə qeyd edərək, bildirib ki, bu, qadınların gələcək fəaliyyətlərində özünü müsbət şəkildə büruzə verəcəkdir. S. Novruzov diqqətə çatdırıb ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətin təkmilləşdirilməsi, onların işlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi, seçilənlərin arasında gender bərabərliyi məsələsinə xüsusi diqqətin yetirilməsi istiqamətində çox vacib işlər görülməkdədir. Həyata keçirilən əhəmiyyətli tədbirlərin nəticəsidir ki, bələdiyyələr bu gün daha səmərəli fəaliyyət göstərirlər və bu fəaliyyətdə qadınların da aktivliyi müşahidə olunur.
“Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” Proqramının (GİZ) əməkdaşı Fidan Qasımova çıxışında Komitə ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən uğurlu layihələr haqqında danışıb və birgə görülən işlərdə Komitəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirərək, bu əməkdaşlığın davamlı olmasının vacibliyini qeyd edib. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov yerli özünüidarəetmə sahəsində mövcud qanunvericilik bazası haqqında danışaraq, bələdiyyələrin səlahiyyətləri və bu sahə üzrə statistik rəqəmləri diqqətə çatdırıb. Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova icra hakimiyyətlərində yaradılan Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyətini qeyd edib və bildirib ki, yerlərdə fəaliyyətin gücləndirilməsi istiqamətində icra hakimiyyətləri və bələdiyyələrin birgə əməkdaşlığı vacibdir. Bakı Dövlət Universitetinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi, “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyələr” çap materialının müəlliflərindən biri Nigar Səfərova çıxış edərək, bələdiyyə orqanlarının nümayəndələri üçün nəzərdə tutulan kitabçanın məqsədi və əhəmiyyəti, eyni zamanda bələdiyyələrdə gender komissiyalarının yaradılması haqqında danışıb.
Daha sonra konfrans müzakirələrlə davam edib. Müzakirələrdə iştirak edən Qobustan, Naftalan, Füzuli, Zərdab, Bərdə, Balakən, Tovuz və digər rayonlar üzrə məsul şəxslər mövzu ətrafında sual və təkliflərini səsləndiriblər.
Qeyd edək ki, ümumrespublika üzrə yerli özünüidarəetmə orqanlarını əhatə edən konfransda 68 icra hakimiyyəti başçısının müavini və 41 bələdiyyə sədri iştirak edib. Konfransın nəticəsi kimi cari il ərzində müvafiq mövzuda bələdiyyə nümayəndələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.