Bahar Muradova: “Həm tarixi keçmişimiz, həm də nəsildən-nəsilə ötürülən milli-mənəvi dəyərlərimiz və müasirliyə açıq xalq olmamız bizə Beynəlxalq Ailə Gününü əsil bayram kimi qeyd etməyə imkan verir”
Share:
15 May Beynəlxalq Ailə Günü Münasibətilə Konfrans Keçirildi
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 15 May ”Beynəlxalq Ailə Günü” elan edilmişdir. Bu təşəbbüs bütün dünya dövlətlərinin diqqətini bir daha ailə məsələlərinə, ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.
Bu münasibətlə, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 May 2020-ci il tarixində "Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar” adlı video-konfrans keçirilmişdir.
Qoşqar Məhərrəmovun moderatorluğu ilə keçirilən video-konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov çıxış etmişdir.
Video-konfransı giriş sözü ilə açan Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, hər kəsi “Beynəlxalq Ailə Günü” münasibəti ilə təbrik etmişdir. Azərbaycan Respublikasının beynəlxalq aləmin bir üzvü olaraq bu ənənəyə qoşulduğunu və bu məqsədlə 2008-ci ildən etibarən həyata keçirilən genişmiqyaslı layihələrini, xüsusilə də regionları əhatə edən və təqribən hər il 80-ə yaxın ailənin iştirakı ilə baş tutan “Ailə Bayramlarının” keçirilməsini xüsusi vurğulamışdır. Komitə sədri pandemiya və post-pandemiya dövrünün çətinliklərinin aradan qaldırılması istiqamətində görülən işlərin və atılacaq addımların ətrafında müzakirələrin aparılmasının vacibliyinə toxunmuşdur. Qeyd olunmuşdur ki, bu dövr ərzində cənab prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən həm iqtisadi, həm sosial-psixoloji məsələlər diqqətdə saxlanılmış, lazımlı addımlar atılmış, ailəyə dəstəyin ən müxtəlif formaları həyata keçirilmiş və təsadüfi deyildir ki, beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilmişdir.
Bahar Muradova ailədaxili ünsiyyətin, münasibətlərin, qarşılıqlı anlayışın, övladlarına görə hər iki valideynin məsuliyyətinin, ailənin cəmiyyət önündə məsuliyyətinin bu dövr nəzərə alınmaqla, dövlətin ailə siyasətinin həyata keçirilməsində yeni çalarların qatılmasının vacibliyini vurğulamışdır. Bu dövrdə Komitə olaraq daha çox maariflənməyə, təhlilə və analizə üstünlük verildiyini bildirmişdir. Qeyd etmişdir ki, hazırki durum və post-pandemiya bizi təhlil, analiz etmək və bundan nəticələr çıxarmağa vadar edir və bu daha uzun müddətə, perspektivə yönəlmiş layihələr işləməyə imkan yaradacaqdır.
Ailə dəyərlərimizin uzun inkişaf yolu keçdiyini bildirən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda monoqam ailə sisteminin qədimdən qəbul olunduğunu və bu ənənənin davam etdiyini bildirmişdir. Komitə sədri bütün dinlərin müqəddəs kitablarında ailənin roluna yüksək qiymət verildiyini bildirmiş, o cümlədən, islamda ailənin qurulmasına, ailənin cəmiyyətdə roluna verilən önəmi bir daha xatırlatmışdır. Dünyada ailə institutu ətrafında baş verən prosesləri qeyd edən M.Qurbanlı tarixi ənənələrə söykənən ailə ənənələrimizin qorunmasının vacibliyini vurğulamışdır.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili son 100 ildə dünya iqtisadiyyatının bu miqyasda böhranla üzləşmədiyini bildirmiş, əvvəlki dövrün böhranlarının daha çox maliyyə, istehsal sahələləri ilə bağlı olduğunu, indiki halda isə bütövlükdə böhran vəziyyəti ilə xarakterizə olunduğunu vurğulamışdır. Dövlətin böhranla əlaqədar rolunun və nəzarətinin artdığı müddətdə bu krizisdən sıyrılma şanslarının yüksək olduğunu qeyd edən T.Mirkişili bildirmişdir ki, dövlətin burada rolu artdıqca paralel olaraq ailənin də rolu daha da yüksələcəkdir.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev çıxışında vətəndaşların formalaşmasında bir qurum olaraq ailənin eyni zamanda sağlam psixoloji iqlimin yaranmasında əsas mənbə olduğunu bildirmişdir. Ailəsiz insan cəmiyyətinin mümkünsüzlüyünü vurğulayan millət vəkili ümumbəşəri dəyərlərin istehsal və saxlanma mənbəyi kimi ailənin rolunu yüksək qiymətləndirmişdir. Psixoloji yardım haqqında qanunun qəbulunu və Nazirlər Kabineti tərəfindən psixoloji yardımın göstərilməsi ilə bağlı qaydaların təsdiq olunduğunu bildirən millət vəkili dünyada ailə institutuna təsirlər fonunda “Ailə psixoloqu” institutunun formalaşdırılması işinin sürətlə davam etdirilməsinin əhəmiyyətli bir vasitə olduğunu bildirmişdir.
Simurq Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Azərbaycan ailələrini bayram münasibəti ilə təbrik etmişdir. O, insan kapitalının formalaşması və inkişafının cəmiyyətlər üçün əhəmiyyətini qeyd edərək yüksək mədəniyyətə malik şəxsin bu kapitalın əsas nüvəsini tutduğunu qeyd etmişdir. Müxtəlif dünya dövlətlərinin (Finlandiya, Sinqapur, Yaponiya, Çin və s.) təcrübələrini müqayisəli təhlil edən kulturoloq insan kapitalının formalaşması, inkişafı və səmərəli istifadəsində bu dövlətlərdə meritokratik tərbiyənin (cəmiyyət, dövlət üçün ləyaqətli vətəndaşların yetişdirilməsi) ailələrdə üstünlük təşkil etdiyini vurğulamışdır. Fuad Məmmədov həmçinin kulturoloji sahədə Dövlət Komitəsi ilə birgə müxtəlif formatda layihələrin,müsabiqələrin keçirilməsi təklifi ilə də çıxış etmişdir.
Bahar Muradova müzakirələrə yekun vuraraq Konfrans iştirakçılarına təşəkkürünü bildirmiş və Azərbaycan ailəsinin inkişafı istiqamətində qeyd olunan təkliflərin gələcək fəaliyyət üçün mühüm olduğunu vurğulamışdır.