“Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunun qalibi məlum oldu
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq uşaqlar arasında hər il keçirilən “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunu uşaqların dünyagörüşünün artırılması, yeni biliklərin əldə edilməsinə stimullaşdırılması və asudə vaxtın səmərəli təşkili məqsədini daşıyır.
Hazırkı dövrdə qlobal pandemiyadan irəli gələrək və karantin dövrünün tələblərini nəzərə alaraq onlayn formatda keçirilən oyunda 52 nəfər iştirak etmiş və onlardan 3 nəfəri finala vəsiqə qazanmışdı.
Mayın 3-də Komitənin rəsmi “facebook” səhifəsində canlı yayım vasitəsilə keçirilən oyunun final mərhələsində hər bir finalçı əzmlə biliklərini nümayiş etdirərək yarışıblar. Yarışın nəticələrinə əsasən, suallara ən çox düzgün cavab verən Ağstafa rayon, Dağkəsəmənli kənd 2 saylı orta məktəbin 9-cu sinif şagirdi Nərmin Paşayeva qalib elan olunaraq, “Qələbəyə doğru” kubokunu qazanıb.
Qalibin kuboku, eləcə də finalçılar üçün nəzərdə tutulmuş diplom və hədiyyələr ölkədə elan edilən karantin rejiminin qaydalarına uyğun olaraq sahiblərinə çatdırılacaq.