Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi ilə görüşü keçirildi
Share:
Aprelin 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassetti arasında videokonfrans formatlı onlayn görüş keçirildi.
Görüşdə Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsinin nəticələri, 9 rayonda Qadın Resurs Mərkəzlərinin fəaliyyətinin inkişafı, pandemiya ilə mübarizə istiqamətində mərkəzlərdə dəstək mexanizmlərinin işləməsi və diqər məsələlər müzakirə edildi.
Komitənin sədri xanım Bahar Muradova Azərbaycanda qadın sahibkarlığının inkişafı, ailə təsərrüfatlarının yaradılması, qadınların iqtisadi cəhətdən gücləndirilməsi və Covid-19-la mübarizədə Hökumətin ailələrə iqtisadi və sosial dəstəyinin göstərilməsi istiqamətində ölkəmizdə həyata keçirilən mühüm işlər haqqında məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlərin qadın sahibkarların sayının artmasına səbəb olduğunu qeyd etdi. Belə ki, 2012-ci ildə qadın sahibkarları 17.4% təşkil edirdisə, artıq 2019-cu ildə 30%-ə qədər artmışdı (71.000-dən 183.000 qədər artmışdı).
Görüş zamanı Alessandro Frakassetti BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlığa görə öz minnətdarlığını ifadə etməklə birgə fəaliyyət nəticəsində görülmüş işlərin əhəmiyyətini vurğulayaraq, Covid-19-la mübarizə istiqamətində Resurs Mərkəzləri tərəfindən qadınlar üçün sosial və psixolojı yardımın göstərilməsi haqqında məlumat verdi. Cənab A. Frakassetti cari il ərzində Dövlət Komitəsi ilə birgə daha dörd Qadın Resurs Mərkəzinin açılmasının planlaşdırıldığını bildirdi.
Xanım Bahar Muradova BMT-in İnkişaf Proqramı tərəfindən Komitə ilə birgə bu günədək görülən işlərin təqdirəlayiq olduğunu qeyd edərək, layihənin növbəti mərhələsində sərhədyanı və təmas xəttində yaşayan məcburi köçkün və qaçqın ailələrindən olan qadınların da bu proqrama cəlb olunmasının vacibliyini vurğuladı.
Görüşdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, aparatın rəhbəri Ceyran Rəhmətullayeva, BMT-nin Rezident Nümayəndənin müavini Çaru Bist, proqram məsələləri üzrə müşavir Leyla Fəthi, layihə rəhbəri Gülarə Hümbətova və digərləri iştirak edib.