Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anım günü ilə bağlı fikirlərini paylaşıb
Share:
Bu gün görkəmli ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anım günüdür.
Azərbaycan xalqının adını və əməllərini çox böyük ehtiramla xatırladığı, varlığından, şərəfli həyat yolundan, insani keyfiyyətləri ilə yanaşı, ictimai mövqeyi, milli-mənəvi dəyərlərə bağlılığı və müasirliyindən fəxrlə söhbət açdığı tanınmış elm xadimi, gözəl ana, qayğıkeş həyat yoldaşı kimi yüksək dəyərləndirdiyi Zərifə xanım Əliyevanı ehtiramla anırıq.
Tanrıdan ona ayrılmış ömür payını Zamanın ziddiyyətli və insanı hər an sınağa çəkən sərt ideoloji şərtləri altında yaşamağa məhkum olan ailəsinin üzləşdiyi çətinlikləri hələ gənc yaşlarından öz üzərində hiss edən, daşıdığı adın mahiyyət və məzmunundan doğan zərifliyini heç zaman itirməyən,nəciblik, mərhəmət, sədaqət və fədakarlıq kimi keyfiyyətləri çətin bir şəraitdə öz simasında birləşdirməyin örnəyi kimi yaddaşlara və ürəklərə həkk olunan Zərifə xanımı tanıyanlar, onunla ünsiyyətdə olanlar, birgə fəaliyyət göstərənlər, onun himayəsini və qayğısını öz üzərində hiss edənlər üçün bu gün əsil hüzn günüdür.
Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, O taleyin və zamanın hökmü ilə müəyyənləşmiş statusu ilə yanaşı milli və vətəndaş məsuliyyəti ilə könüllü olaraq öz üzərinə götürdüyü elmi, ictimai və insani missiyalarının hamısını bir arada, eyni dərəcədə uğurla və peşəkarlıqla irəliyə aparmağın da nümunəsini yaratmaqla mənsub olduğu xalqın ən vacib sərvətinin - insan kapitalının öz şəxsiyyəti hesabına xeyli dərəcədə zənginləşməsi işinə əhəmiyyətli töhfə vermişdir.
Bu gün Zərifə xanımı seçdiyi fəaliyyət istiqamətləri üzrə əldə etdiyi nəticələr, yaratdığı ənənələr, qoyub getdiyi elmi, ictimai irsi və haqqında dolaşan, əfsanələrə bənzər həqiqətlərə görə tanıyan insanlar, ondan sonrakı nəslin nümayəndələri hörmət və sevgi ilə xatırlayır.
Zənnimcə bütün parametrlər üzrə xarakteri və onun məzmunu ilə əsil Azərbaycan xanımı obrazını müdrikliyi və mükəmməlliyi sayəsində özü öz boyuna biçmiş bu gözəl insanı müasir və gələcək nəsillər də hər zaman yüksək ehtiram və minnətdarlıq hissi ilə bir də ona görə xatırlayacaqlar ki, o özünün çox da uzun olmayan həyatı boyu iki böyük titulun əbədi olaraq daşıyıcısıdır.
Əvvəla o müstəqil Azərbaycan dövlətinin banisi Ümumilli liderimiz Heydər Əliyevin həyat yoldaşı, eləcə də müasir, qüdrətli və zəngin Azərbaycan dövlətinin qurucu lideri möhtərəm Prezidentimiz İlham Əliyevin anasıdır.
Ruhun şad olsun möhtəşəm qadın – Zərifə Əliyeva!!