Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin edilmiş səfiri Mixael Kindsqrab ilə görüş keçirilib

7 September 2016

Share:

6 Sentyabr 2016-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın və Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin edilmiş səfiri Mixael Kindsqrab ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova görüşdə çıxış edib. O qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında əlaqələr uğurla inkişaf edir, ölkələrimiz arasında əməkdaşlıq çox fəal fazadadır.

H.Hüseynova xatırladıb ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) 2010-cu ildən Azərbaycanda “Yerli özünüidarəyə dəstək” adlı proqram həyata keçirir. Müvafiq hökumətlərarası saziş əsasında həyata keçirilən bu proqram çərçivəsində yerli özünüidarə sahəsində bələdiyyələr və dövlət strukturları ilə birbaşa əməkdaşlıq tənzimlənib, Azərbaycanın müxtəlif regionlarında sosial və iqtisadi sahələrə aid layihələr gerçəkləşdirilib. Belə layihələrdən biri də Komitə ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan “DAYAQ mentorluq proqramı”dır. Bu proqramın əsas məqsədi Azərbaycan bələdiyyələrində, ölkənin ictimai həyatında və yerli səviyyədə qərarlar qəbul edilməsi proseslərində qadınların iştirakını fəallaşdırmaq, qadınlar üçün gender yönümlü layihələrin həyata keçirilməsini təmin etməkdir.

Komitənin sədri öz çıxışında vurğulayıb ki, Azərbaycan qadınları cəmiyyətin həyatının bütün sahələrində təmsil olunublar. Son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artıb. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur.

Almaniyanın Azərbaycandakı səfiri səmimi qəbul üçün minnətdarlığını bildirərək Azərbaycanda qadın və uşaq problemlərinin həllinə yönəlmiş tədbirləri yüksək qiymətləndirib, ölkənin sosial-siyasi həyatında qadınların rolunun artırılması meyillərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və yeni layihələr müzakirə edilib. Müzakirələr çərçivəsində uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə səylərin artırılması ehtiyacı hər iki tərəfdən vurğulandı.