Hamilə qalan məktəbli sığınacağa yerləşdiriləcək

7 April 2020

Share:

Aprelin 6-da kütləvi informasiya vasitələrində yayılan məlumatda Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin (təvəllüd: 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüd: 1961-ci il) 5 aylıq hamilə olduğu və kənd icra nümayəndəsi Şəfiq Əliyevin də bu məlumatı təsdiqlədiyi bildirilirdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb. A.Vəliməmmədova hadisənin rayon hüquq - mühafizə orqanları tərəfindən araşdırıldığını,  uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib. Məlumatda məktəbli və anasının Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub. Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb. Mütəxəssislər, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər.

Hazırda məktəblinin  “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.

Son olaraq bildirmək istəyirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlılara qarşı cinsi zorakılıq və qısnama hallarını kəskin şəkildə pisləyir, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə aparılan çətin bir zamanda valideynləri övladlarına qarşı diqqətli və həssas davranmağa çağırır. Karantin günlərini uşaqlara bir qədər də yaxın olub, dost mühitinin yaradılması üçün bir fürsət kimi dəyərləndirməyi və onları belə hallardan qorumaq üçün məlumatlandırıcı söhbətlər etməyi tövsiyyə edir. Bu qayğılı günlərdə bir-birimizlə münasibətdə tolerant, sayğılı olaq, məsələlərə daha həssas və məsuliyyətlə yanaşaq.