Komitə əməkdaşı Hindistanda keçirilən beynəlxalq təlimdə iştirak edib

12 March 2020

Share:

27 yanvar 2020 – 6 mart 2020-ci il tarixlərində Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Proqramı çərçivəsində Hindistanın Heydərabad şəhərində təşkil edilmiş 6 həftəlik “Təlimçilər üçün Təlim: sahibkarlıq və bacarıqların inkişafı” (TOT:ESD) adlı beynəlxalq təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Sevil Rəsulzadə iştirak edib.

21 ölkədən 29 nümayəndənin iştirak etdiyi beynəlxalq təlimdə iştirakçılar öz ölkələrindəki sahibkarlıqla bağlı mövcud vəziyyətlə bağlı təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. Komitə əməkdaşı Sevil Rəsulzadə təqdimatla çıxış edərək, ölkəmizin müvafiq sahədə həyata keçirdiyi tədbirlər, Azərbaycanda sahibkarlığın inkişafı, xüsusən də qadın sahibkarlığının təşviq edilməsi istiqamətində görülən işlər və ölkə təcrübəsini təlim iştirakçılarının diqqətinə çatdırıb.

Təlimin keçirildiyi müddət ərzində iştirakçı ölkələrin nümayəndələrinə təlimçi kimi təlimlərin müvafiq auditoriyaya çatdırılması bacarıqlarının inkişafı, effektiv liderlik təlimatları kimi müvafiq sahədə məlumatlandırma sessiyaları təşkil edilib. Kiçik və orta sahibkarlıq anlayışı, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı bilik və bacarıqların artırılması, öz biznesini qurmaq imkanı, biznes və müəssisənin fəaliyyətinin planlaşdırılması, bu istiqamətdə qanunvericilik və digər müvafiq mövzular ətrafında müzakirələr aparılıb, aidiyyəti qurumların peşəkar ekspertləri tərəfindən nəzəri və praktiki bilgilər təmin edilib.

Proqram çərçivəsində iştirakçı ölkələrin nümayəndələrinin Hindistanın Heydərabad, Banqalore və Maysur şəhərlərində fəaliyyət göstərən bir çox istehsal müəssisələrinə (geyim, dizayn və moda müəssisələri, ailə biznesi, əl işlərindən ibarət xalça toxuma, biznes və digər sahələr üzrə ali təhsil müsəssisələri) təcrübə səfərləri təşkil edilib. Eyni zamanda iştirakçıların Hindistanın müvəffəqiyyət əldə etmiş bir sıra sahibkarları ilə görüşləri, müxtəlif ölkələrdən spikerlərin iştirak etdiyi turizmlə bağlı beynəlxalq konfransda iştirakı baş tutub.

Proqramın yekununda iştirakçılar ITEC proqramını müvəffəqiyyətlə bitirdiklərinə dair sertifikatla təltif olunublar.