Masazır qəsəbəsində yerləşən “Məzun evi”-nin gənc sakinləri ilə görüş keçirilib
Share:
Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının “Valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi” bəndinə uyğun olaraq bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir.
Bu məqsədlə 24 yanvar 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan “Məzun evi”-nin gənc sakinlərinə “Həyati bacarıqlara yiyələn!” mövzusunda açıq qapı günü təşkil edilib.
Tədbirdə “Məzun evi”nin hüquqşünası Cabir Bağırov, Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və digər mütəxəssislər iştirak edərək aidiyyatı mövzular üzrə çıxış ediblər. Cəmilə Bağırova Komitə tərəfindən gənclərin ictimai fəallığın artırılması, eləcə də həyati bacarıqların inkişaf etdirilməsi istiqamətində mütəmadi keçirilən təlim və görüşlər haqqında məlumatları diqqətə çatdırıb. O bildirib ki, gənclərin cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün onlara yetkin vətəndaşlarla bərabər imkanların yaradılması hər zaman olduğu kimi bu gün də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir və onların yaradıcılıq potensiallarının üzə çıxarılması olduqda vacib məsələdir.
Görüşün sonunda fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.