Efirdə uşaq hüquqlarının pozulması ilə bağlı müraciət

16 January 2020

Share:

   Son illər ölkədə demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılıb, institusional və qanunvericilik islahatları həyata keçirilib. Azərbaycan Respublikasının Konstitusiyası, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” və digər qanunlar KİV-lərin maneəsiz informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Qanuna görə, KİV-lərin və jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və cinayət məsuliyyəti doğuran hal hesab edilir.

     Lakin yaradılmış şəraitdən sui-istifadə hallarına da yol verilir. Belə ki, qadın və uşaqlarla bağlı hadisələrdə araşdırması davam edən, əsassız məqamları qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq, dövlətə və dövlətçiliyə qarşı əhali arasında aqressiv münasibət formalaşdırmaq, insanlardan öz məqsədləri üçün istifadə etmək, ictimai-siyasi vəziyyəti gərginləşdirmək məqsədilə, vətəndaşlarda dövlət orqanlarına qarşı inamsızlığın yaradılmasına xidmət edən proqramlar və verişlər yayımlanır.  2019-cu il noyabr ayından 2020-ci ilin yanvar ayınadək Nərmin Quliyeva  ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müxtəlif məlumatların yayılması buna misal ola bilər. Bu hadisə nəticəsində bir daha əmin olduq ki, lazımsız məlumatların efirdən səslənməsi xoşagəlməz halların baş verməsinə səbəb olur.

Eyni zamanda, bəzi verilişlərdə milli qanunvericilikdə nəzərdə tutulan və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların müddəaları pozulur (xüsusilə, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası). Ailə, qadın və uşaq hüquqlarının müdafiəsini əsas mövzu kimi seçən verlişlərdə aparıcılar qaldırılan mövzuların vətəndaşa mənfi təsir etmə ehtimalını nəzərə alaraq məsələyə həssaslıqla yanaşmalıdı.

Çox təəssüf ki, bunun əksinə, praktikada veriliş aparıcıları qaldırılan mövzuları düzgün açıqlamırlar, dəvət edilən vətəndaşların, xüsusilə də uşaqların maraqlarını və hüquqlarını pozurlar.

  Bildiririk ki, “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Azərbaycan Respublikasının Qanunu 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minib. “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Azərbaycan Respublikasının Qanununda uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən, informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması prinsiplərini özündə ehtiva edir.

     Digər önəmli məsələ isə sosial işdə etik davranış qaydalarıdır. Zorakılıq qurbanı, əqli və fiziki geriliyi olan qadınların problemlərinin işıqlandırılmasında hüquq pozuntusuna yol verilir. Beynəlxalq səviyyədə sosial iş zamanı etik davranış qaydaları və insan hüquqları haqqında qəbul edilmiş konvensiya və qaydalara görə çətin vəziyyətdə olan şəxslə qınayıcı davranış, təhqir etmə, baş vermiş hadisələr fonunda onun efirdə ifşa edilməsi yolverilməzdir. Bundan əlavə, efirdə ayrı-ayrı şəxslərin, dövlət qurumlarının adlarının çəkilməsi  xoşagəlməz haldır. 

Nəzərə alınmalıdır ki, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinin pozulması AR İnzibati Xətalar Məcəlləsinin 388-ci, 388-1, 388-2-ci maddələrinə əsasən məsuliyyət yaradır. Həmçinin AR Cinayət Məcəlləsinə əsasən şəxsi həyatın toxunulmazlığı hüququnu pozma (AR CM-nin 156-cı maddəsi) kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

     Yuxarıda göstərilənləri əsas götürərək gələcəkdə bu kimi neqativ halların baş verməməsi üçün kütləvi informasiya vasitələri əməkdaşlarını informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməmələrini, ictimai maraqları nəzərə almalarını, uşaq və qadınların hüquqlarının müdafiəsinə dair məsələlərə daha diqqətlə və həssas yanaşmalarını xahiş edirik.