Kənd yerlərində qadınlar arasında sahibkarlıq fəaliyyəti genişləndirilir

26 December 2019

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsini həyata keçirir. Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Layihə çərçivəsində Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Masallı, Zaqatala, Qusar, Xaçmaz, Bakı şəhəri Xəzər  rayonları da olmaqla 2011-2019-ci illərdə 9 Qadın Resurs Mərkəzi açılıb. Mərkəzlərdə qadınlar üçün “Mühasibatlığın əsasları”, “Maliyyə bacarıqları və ailə büdcəsinin tənzimlənməsi”, “QHT yaradılması və idarə  olunması“, “DİM haqqında məlumatlandırma və vəkillik”, “DİM-lərin monitorinqi və qiymətləndirilməsi”,  “Maliyyə savadlılığı, maliyyə risklərinin idarə olunması və ailə büdcəsinin hazırlanması”, “Həyati bacarıqlar, təqdimat bacarıqları və CV-lərin hazırlanması”, “Qadın sahibkarlığını təşviq edən təşkilatların institusional bacarıqlarının artırılmasına dəstək”,  "Öz biznesini qur və inkişaf etdir ", “Fotoqrafın gözü ilə Dayanıqlı İnkişaf Məqsədləri”, "Kompyuter bacarıqları" “Limitli resurslarla biznesin qurulması” “Biznes Plan nədir”, “Kompüter operatoru”, "Qadın sahibkarlığının özəl sektorunun dəyər zəncirində iştirakının təşkili", “Reklam və marketinq”, “Kommersiya” və “Marketinq”, “Kəndli qadınların məlumatlara və xidmətlərə çıxışının gücləndirilməsi” mövzularında təlimlər keçirilib. Bu mərkəzlər ölkə boyu kənd və rayon qəsəbələrində yaşayan iqtisadi baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərmək məqsədini daşıyır və kənd  qadınlarının işgüzar və sosial imkanlarının artırılmasına yönəlir. Bütövlükdə Mərkəzlər vasitəsilə 3500-dən çox üzvü olan güclü qadın şəbəkəsi yaradılıb. 6000-dən çox  qadın  və gənc qızlar təlim və tədbirlərə cəlb olunub. Qadın Resurs Mərkəzləri məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, yaxşı ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurum kimi fəaliyyət göstərir. Bu mərkəzlərin altısı (Sabirabad, Heftçala, Biləsuvar, Masallı, Salyan, Zaqatala) qeyri-hökumət təşkilatı kimi qeydiyyata düşərək layihənin davamlılığını təmin edib. Bu istiqamətdə işlər davam edir.  Layihə çərçivəsində artıq 295 qadın şəxsi biznesini yaradıb və sahibkarlıq fəaliyyəti göstərir.