“Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” Forumu keçiriləcək

15 November 2019

Share:

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr olunmuş “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forum keçirəcək. Forum 18 noyabr 2019-cu il tarixdə saat 10.30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq.

Forumun rəsmi açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti cənab Məmməd Musayev, BMT-nin İnkişaf proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti, AQSİA İdarə heyətinin rəhbəri xanım Səkinə Babayeva iştirak edəcək.

Forumda “Uğurlu qadınların hekayəsi”, “İncəsənətdə sahibkarlığın inkişafı”, “Azərbaycanda Turizm Biznesi/Evdə məşğulluğun inkişafı”, “Biznes fəaliyyəti olan qadınlar: üstünlüklər, çətinliklər və imkanlar”, ”Azərbaycanda sahibkarlığın təşviqində biznes təhsilinin rolu” və “Bankların qadınlara göstərdiyi dəstək mexanizmləri” adlı panellər üzrə müxtəlif mövzularda çıxış ediləcək və müzakirələr aparılacaq.