Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında Memorandum imzalandı
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Bakı Metropoliteni” QSC-nin iştirakı ilə 12 oktyabr 2016-cı il tarixində tədbir keçirilib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova əvvəlcə dövlətin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi haqqında məlumat verib. O, bu sahədə görülən mühüm işlər, layihələr, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər məsələləri diqqətə çatdırıb. “Azərbaycanda ailə institutun möhkəmləndirilməsi, ailə dəyərlərinin gələcək nəsilə ötürülməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində işləri gücləndirmək üçün Komitə tərəfindən mararifləndirmə tədbirləri keçirilir. Bu sahədə biz digər qurumların da dəstəyindən istifadə edirik və bununla da insan kütləsinin daha çox toplaşdığı yerlərdə tədbirlərimizi həyata keçiririk. Bakı Metropoliteni də əhalinin interaktiv istifadə etdiyi nəqliyyat vasitəsidir. Komitə tərəfindən hazırlanan sosial çarxların, bukletlərin, plakatların metro stansiyalarında paylanması və nümayiş etdirilməsi sayəsində insanlar məişət zorakılığı, erkən nikah, boşanma və digər aktual mövzularla bağlı informasiya əldə edə biləcəklər”.
Daha sonra “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov çıxış edərək, metropolitenin imkanları və həyata keçirilən sosial aksiyalar haqqında məlumat verib. O bildirib ki, Dövlət Komitəsi ilə memorandumun imzalanması əməkdaşlığımızın daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Tərlan Dadaşov qeyd edib ki, bu Memorandum ailə, qadın və uşaq problemlərinin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi üzrə sosialyönümlü birgə tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır.
Memorandumun əsas istiqamətləri kimi Komitə tərəfindən Bakı Metropoliteninin əməkdaşları üçün ailə-nikah münasibətləri, erkən nikah, məişət zorakılığı və uşaq baxımsızlığı mövzularında təlimlərin təşkili; Bakı Metropoliteninin stansiyalarında 25 noyabr-Qadın Zorakılığına qarşı Beynəlxalq mübarizə günü, 1 iyun-Uşaqların Beynəlxalq müdafiəsi günü və 15 may-Beynəlxalq Ailə gününə həsr olunmuş kampaniyaların təşkili; Bakı Metropoliteninə məxsus olan reklam lövhələrində və monitorlarda ailə, qadın və uşaq məsələlərinə dair məlumatlandırıcı vəsaitlərin, sosial çarxların nümayiş etdirilməsi müəyyən olunub.