“Ailə Akademiyası” adlı layihə çərçivəsində növbəti regional tədbir Zərdab rayonunda keçiriləcəkdir.
Share:
Müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar ailə institutuna nəzərəçarpacaq təsir göstərməkdədir. Bununla əlaqədar olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində keçirilən görüşlərdə gənclər, qadınlar, xüsusilə, gənc ailələr, sosial iştirakçılığı zəif olan insanlar cəmiyyətdə aktual olan mövzular ətrafında sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərdən faydalı məlumatlar əldə edir, öz fikir və təkliflərini birbaşa olaraq aidiyyəti nümayəndələrə çatdıra bilirlər.
“Ailə Akademiyası” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində görüşlər cəmiyyət üzvləri ilə aktiv dialoq şəklində baş tutaraq, bələdiyyə orqanlarının yerlərdə nüfuzunun daha da artmasında faydalı əhəmiyyət daşıyır.
Layihə çərçivəsində növbəti regional tədbirin 8 iyul 2019-cu il
tarixində, saat 12:00-da Zərdab Rayon İcra Hakimiyyəti ilə birgə Zərdab, Ağdam, Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Ağcabədi, Bərdə rayonlarının aktiv bələdiyyələrinin iştirakı ilə Zərdab rayon İcra Hakimiyyətinin binasında keçirilməsi nəzərdə tutulur.
Tədbirin rəsmi açılış hissəsində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatın nümayişi, eyni zamanda mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.