Məktəb şagirdləri ilə xalq şairi Nəriman Həsənzadənin görüşü təşkil olunub
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin gələcək nəslə ötürülməsi, uşaqların sağlam sosial mühitdə, vətənpərvər ruhda böyüməsi və düzgün tərbiyəsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu tədbirlər nəticəsində uşaqların cəmiyyətə inteqrasiyası, onların asudə vaxtının səmərəli təşkili, bədii qiraətə, idmana marağının, dünyagörüşünün və intellektlərinin artırılması, fiziki inkişafının və sağlam həyat tərzinin formalaşması üçün məktəblilərin tanınmış ictimai və din xadimləri, incəsənət və idman ustaları ilə görüşləri təşkil olunur.
Bu istiqamətdə növbəti tədbir olaraq, Komitə və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 8 noyabr 2016-cı il tarixində Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbin akt zalında 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə uşaqlarda vətənpərvərlik hissinin artırılması məqsədilə 295 saylı və 130 saylı tam orta məktəbin şagirdlərinin xalq şairi Nəriman Həsənzadə ilə görüşü təşkil olunmuşdur. Qonaqlar sırasında millət vəkilləri, o cümlədən, bir çox ictimaiyyət nümayəndələri dəvət olunmuşdur.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova öz çıxışlarında 9 Noyabr Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs etmiş, belə əlamətdar gündə tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi təbliğ edən görkəmli sənətkarımız, xalq şairi Nəriman Həsənzadə ilə görüşün şagirdlərdə vətənpərvərlik hisslərinin artmasında xüsusi rol oynayacağını qeyd etmişlər.
Komitə sədri öz çıxışında bildirmişdir: “Аzərbаycаn bаyrаğını ucа tutmаq hər bir vətəndaşımızın şərəf bоrcudur. Buna görə də hər kəs üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, yaxşı oxumalı, yüksək intellektə sahib olmalı, vətənimizin inkişafı və gələcəyi üçün bütün səyləri birləşdirməlidir.”
Rəsmi çıxışlardan sonra, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən 295 saylı və 130 saylı tam orta məktəblərə, eyni zamanda 130 saylı tam orta məktəbin məzunu Fail Nəriman oğlu İbrahimova uşaq hüquqlarının müdafiəsi istiqamətində səmərəli fəaliyyətinə görə diplom təqdim olunmuşdur.
Şagirdlərin ifasında Nəriman Həsənzadənin müəllifi olduğu vətənpərvər şeirlərdən ibarət kompozisiyasının təqdimatından sonra, səhnəyə dəvət olunmuş xalq şairi şagirdlərlə görüşü zamanı onların suallarını cavablandırmış, uşaqlardan bəzilərinin həvəskar şeirlərini dinləmiş, onlara həyatdan və bədii əsərlərdən nümunələr göstərərək dəyərli məsləhətlər vermişdir. Görüşün sonunda şair uşaqlara şəxsi imzası ilə öz kitablarını hədiyyə etmişdir.
Tədbirin sonunda şagirdlərə Komitə tərəfindən hazırlanmış maarifləndirici çap materialları paylanılmış, xatirə üçün fotoşəkillər çəkilmişdir.