Ailədaxili münasibətlərin sosial rollara təsiri. "Müsbət valideynlik” mövzusunda seminar keçirildi
Share:
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Cari il üçün layihə 10 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 25-30 nəfər “Ailədaxili münasibətlərin sosial rollara təsiri. Müsbət valideynlik” mövzusunda seminarlara cəlb edilir.
May ayının 8-də Salyan, may ayının 16-da Neftçala rayonunda tədbir keçirilib. Tədbir zaman ailədə psixoloji iqlim, ailənin funksiyaları, ailədaxili zorakılıq və s. mövzular müzakirə edilib. Ailədaxili münasibətlərin uşaqlara təsiri, uşaqların inkişafında valideynlərin rolu kimi mövzular haqqında ətraflı söhbət aparılıb. Məktəb psixoloqları və valideyinlərdən ibarət olan iştirakçıların sualları cavablandırılıb. Seminarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, metodiki vəsait kimi iştirakçılara paylanılıb. Seminarın keçirilməsində məqsəd insan hüquqlarının və azadlıqlarının təmin olunması, müsbət valideynlik tendensiyasının təbliği, uşaqların düzgün inkişafı üçün təlabatlarına uyğun müsbət sosial psixoloji mühitin yaradılması, gələcək nəslin cəmiyyətin ictimai sosial həyatında hərtərəfli iştirakının təmin edilməsidir.
Seminarlar qarşılıqlı müzakirələr şəklində davam edib.