Cocuq Mərcanlıda "Qələbəyə doğru" intellektual yarışmasının qalibləri mükafatlandırılacaq

17 April 2019

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il ənənəvi “Qələbəyə doğru” kuboku uğrunda uşaqlar arasında intellektual yarış təşkil edilir.

Bu il regional bilik yarışı 23 aprel, 2019-cu il saat 11:00-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi, Klub İcma Mərkəzində Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Kəlbəcər, Xocavənd, Laçın, Beyləqan rayonlarının iştirakı ilə keçirilir.

Tədbirin keçirilməsində məqsəd sərhədyanı rayonlardan olan uşaqların asudə vaxtının təşkili, onların Azərbaycanın tarixi, mədəniyyəti haqqında biliklərini artırmaq, uşaqlar arasında inteqrasiya yaratmaq, onların istedadlarının aşkar edilməsi və stimullaşdırılması, eləcə də bu istiqamətdə tədbirlərin keçirilməsinə cəmiyyətin diqqətini yönəltməkdir.

İntellektual yarışda I, II, III yerin qalibləri olan komandalar  Komitə və Kapital Bank tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq, I yerin qalibi olmuş komandaya Komitə tərəfindən “Qələbəyə doğru” kuboku təqdim olunacaqdır.

Qeyd edək ki, yarışmada 8 rayonu təmsil edən komanda iştirak edəcək. Hər bir komandada 5 uşaq iştirak edəcək. Komandalar rayonlarda daxili seçim turları nəticəsində müəyyən edilirlər. 

Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirik.