Türkiyədə İkinci Beynəlxalq Qadın və Ədalət Sammiti işə başlayıb

26 November 2016

Share:

Noyabrın 25-də İstanbulda İkinci Beynəlxalq Qadın və Ədalət Sammiti işə başlayıb. Qadınlara qarşı zorakılığı əks etdirən filmin nümayişindən sonra məlumat verilib ki, iki gün davam edəcək sammitin məqsədi dünya ictimaiyyətinin diqqətini qadın məsələlərinə cəlb etmək, beynəlxalq səviyyədə bu sahəyə aid maarifləndirmə işlərini gücləndirməkdir.
 

Sammitin rəsmi açılışında Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, BMT-nin qadın məsələlərinə dair Avropa və Orta Asiya üzrə bölgə direktoru xanım İngibjörg Solrun Gisladottir və “Qadın və demokratiya” Dərnəyinin rəhbəri Sare Aydın Yılmazın çıxışları dinlənilib.

Sammitin birinci günü “Qaçqın qadınların problemləri” və “Qadın və sülh” mövzularında müzakirələr aparılmışdır. İyirmi ölkənin nazirlərinin iştirakı ilə keçirilən sammitdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Türkiyə Prezidentinin baş müşaviri Özlem Zənginin sədrliyi ilə keçirilən iclasda çıxış edən komitə sədri Hicran Hüseynova müzakirə olunan mövzunun Azərbaycan cəmiyyəti üçün aktual olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdundan qaçqın düşüb və onlardan təxminən yarısı qadınlardır. Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Qaçqın qadınların məşğulluğunun təmin edilməsi, o cümlədən onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, fiziki sağlamlıqlarının qorunması, hamilə qadınlara və gənc analara xüsusi diqqət və qayğı göstərilməsi üçün mühüm layihələr həyata keçirilib.

Komitə sədri diqqətə çatdırıb ki, dövlətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında qadınların təsir gücünə böyük əhəmiyyət verir. Təcavüzkar Ermənistandakı avtoritar rejimdən narazı olan QHT təmsilçilərinin, həmçinin bu sahədə fəaliyyət göstərən qadınların Azərbaycana gəlməsinə şərait yaratmaqda məqsəd odur ki, onlar övladları Azərbaycanın işğal altındakı torpaqlarında həlak olan erməni qadınlarının etiraz səsinin dünyaya çatdırılmasına kömək etsinlər.

Noyabr ayının 26-sında öz işini davam etdirən Sammitdə sülh dövründə vətəndaş cəmiyyətində və qərar qəbuletmədə qadın, qadına qarşı zorakılıq və digər mövzuıar geniş müzakirə olunub.

http://www.haberler.com/2-uluslararasi-kadin-ve-adalet-zirvesi-gala-yemegi-8998855-haberi/

http://www.haberler.com/2-uluslararasi-kadin-ve-adalet-zirvesi-sona-erdi-9001326-haberi/

http://www.bik.gov.tr/ii-uluslararasi-kadin-adalet-zirvesinden-adalet-icin-ses-ver-cagrisi/