“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Qaradağ rayonunda keçirilib
Share:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə keçirilən “Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir.
Layihənin Qaradağ rayonu üzrə açılış tədbiri 6 dekabr 2018-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısının müavini
Təranə İsmayılova tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib. Ailənin cəmiyyətin özəyini təşkil etdiyini bildirən
Təranə İsmayılova “Ailə Akademiyası” layihəsinin həyata keçirilməsinin ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, bu istiqamətdə qəbul edilən qanunlardan söhbət açaraq bildirdi ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Bununla yanaşı qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib. “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Aynur Sofiyeva, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.
Aynur Sofiyeva internetin eləcə də, sosial şəbəkələrin gənc nəsilə olan təsirlərini qeyd edərək layihənin bu istiqamətdə də faydalı olacağını diqqətə çatdırıb
“Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.
AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb
Qobustan qəsəbəsinin “Şamlı” məscidi dini icmasının sədri Qaraoğlan Həsənov, Qaradağ rayon Polis İdarəsinin əməkdaşı,polis mayoru Aidə Şirinova,Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent İlhamə Qəsəbova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon Komitəsinin sədri Zümrüd Rzayeva, 4 nömrəli Doğum evinin həkim ginekoloqu Rəna Kərimova müxtəlif mövzular əsasında bu cür maarifləndirici layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan bəhs ediblər.
Tədbir yekunlaşdıqdan sonra qonaqların iştirakı ilə Lökbatan bələdiyyəsi tərəfindən “Ailə Akademiyası” layihəsi çərçivəsində “zorakılıqsız ailə” mövzusunda tədbir keçirilib. Mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.
Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.