“Heç kim kənarda qalmasın: Qadınlara və Qızlara qarşı zorakılığa son!” adlı tədbir həyata keçiriləcək
Share:
Gender Zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası 25 noyabr Beynəlxalq Qadınlara qarşı Zorakılığın aradan Qaldırılması Günü tarixindən başlayaraq 10 dekabr İnsan Hüquqları Günü tarixinədək davam edən beynəlxalq kampaniyadır. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bu Kampaniyaya həsr olunmuş tədbirlər həyata keçirir.
26 noyabr 2018-ci il tarixində saat 10.00-da Four Seasons Otelinin Segah zalında Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatı ilə birgə “Heç kim kənarda qalmasın: Qadınlara və Qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirəcək.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai, İnsan Hüquqları üzrə Müvəkkil, Omdubsman Elmira Süleymanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması ilə bağlı yaradılmış Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova çıxış edəcəkdir.
Tədbirdə eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Azərbaycanda Gender bərabərliyi və gender münasibətləri: Mövcud vəziyyət və imkanlar “Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat” (IMAGES)ın nəticələri ilə bağlı təqdimat edəcəkdir. “Promundo” Beynəlxalq təşkilatının və Qadınlar üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (ICRW) tərtib etdiyi “Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat” (IMAGES) kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailə daxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Tədqiqat BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (UNFPA EECARO), “Promundo” Beynəlxalq Təşkilatı və Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz ilə birgə əməkdaşlıq çərçivəsində reallaşmışdır.
Tədbirdə millət vəkilləri, beynəlxalq təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edəcəklər.