“Azərbaycan ailəsi 2016” film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib
Share:
29 noyabr 2016-cı il tarixində, Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümünə həsr olunmuş “Azərbaycan ailəsi 2016” film festivalının mükafatlandırma mərasimi keçirilib.
Tədbirdən öncə qonaqlar üçün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümünə həsr olunmuş və eyni zamanda 39 yerli İcra Hakimiyyəti tərəfindən “Azərbaycan ailəsi” film festivalının Təşkilat Komitəsinə təqdim edilmiş, Azərbaycanımızın bir çox bölgələrinin ailə dəyərlərini, ənənələrini, tarixini əks etdirən fotoşəkillərdən ibarət 2 sərgi nümayiş olunub.
Dövlət qurumlarının nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, tələbələrin iştirakı ilə baş tutan tədbir, festivala təqdim olunmuş film və fotoşəkillərdən hazırlanmış videoçarxların nümayişi ilə başlanıb.
Daha sonra tədbir iştirakçılarına festival haqqında məlumat verilib. 2009-cu ildən etibarən həyata keçirilməyə başlamış bu layihənin əsas məqsədinin kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətlərinin aşkar olunması, video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsi olduğu qeyd olunub və festivala olan maraq və diqqətin ildən-ilə daha da artmasının nəticəsi olaraq, 2014-cü ildən etibarən festival çərçivəsində “Həyatdan şəkilə” adlı fotomüsabiqənin təşkilinin də böyük uğurla həyata keçirildiyi vurğulanıb. Ümumilikdə 8 il ərzində festivalın fondunda 244 film və 255 fotoşəkil toplanıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, “Artıq 8 ildir “Azərbaycan ailəsi” film festivalı keçirilir. Keçən müddət ərzində yerli rejissorlarla yanaşı, xarici ölkə rejissorlarının da öz ekran əsərlərini festivalımıza təqdim etməsi, festivalın xüsusi mükafatlarına layiq görülməsi festivalın səviyyəsini daha da artıraraq, ona beynəlxalq nüfuz qazandırmışdır”.
Komitə sədri diqqətə çatdırıb ki, bu layihənin həyata keçirilməsində bizim bir neçə məqsədimiz var. “Əsas məqsədlərimizdən biri ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işinin daha da gücləndirilməsidir. Bir tərəfdən biz uğurlu ailələri, nümunəvi ailə modellərini təbliğ edirik. Digər tərəfdən isə, bu sahədə mövcud problemləri bədii obrazların vasitəsilə insanlara göstəririk. Festivala təqdim edilən bütün filmlərdən məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrdə apardığımız maarifləndirmə işlərində istifadə olunur”.
Bu ilki festivalın müstəqilliyimizin 25 illiyinə həsr edildiyini qeyd edən Hicran Hüseynova bildirib ki, hətta ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu, Ermənistanın torpaqlarımızı işğal etdiyi və bunun nəticəsində ağır sosial problemlərin yarandığı bir vaxtda belə, ailə institutunun qorunması məsələsi prioritet istiqamət olmuşdur. “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün ölkə başçımız İlham Əliyev və Azərbaycanın birinci xanımı, Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir”.
Çıxışının sonunda H.Hüseynova festivalın keçirilməsində xüsusi əməyi olan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevaya, BMT-nin Əhali Fonduna, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə, dövlət qurumlarına, icra hakimiyyəti orqanlarına və münsiflər heyətinə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev isə qeyd edib ki: “Gənclərin yeni, müasir mühitdə formalaşması üçün kino sahəsində atılan hər hansı bir addım bizim üçün olduqca vacibdir. Bu festival gənc nəslin kino sənətinə, yaradıcılığa yiyələnməsinə böyük imkan yaradır, maraq oyadır. Xalqımız üçün mənəvi dəyərlər əvəzolunmazdır. Ona görə də ailə mövzusuna həsr olunmuş bir film festivalının təşkil olunması bu dəyərlərin qorunub saxlanmasında, gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kinematoqrafiya sahəsinə diqqət və dəstəyini qeyd edən Ə.Qarayev, bu sahəyə kifayət qədər vəsait ayrıldığını vurğulayıb. “Son illər 40-a qədər bədii, 100-ə qədər sənədli filmlər çəkilib. Son ildə Azərbaycan filmləri 52 beynəlxalq festivalda iştirak edib. Bu yüksək göstərici və sevindirici haldır”.
BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin Baş müşaviri Fərid Babayev çıxış edərək bildirib ki, əksər insan hüquq və azadlıqlarının formalaşdırılması üçün ailə ən gözəl mühitdir və dövlətin ailəyə qayğısı təqdirəlayiqdir. “Məhz kinematoqrafiya vasitəsilə daha geniş tamaşaçı kütləsinə çıxışı təmin edərək müxtəlif mövzular üzrə düşündürücü mesajları əhalinin diqqətinə çatdırmaq mümkündür. Bu yanaşma artıq neçə illərdir ki Komitə tərəfindən tətbiq edilir və biz məişət zorakılığı, erkən nikah və s. mövzulara aid təsirli təbliğat materialları əldə edirik. Azərbaycan ailəsinin cəmiyyətdə nüfuzunun və ictimai statusunun artırılması sahəsində gördüyü işləri dəstəkləyirik”, -deyə əlavə edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev çıxış edərək cəmiyyətdə ailə institutunun və mənəvi dəyərlərin qorunmasında, eləcə də milli kino sənətimizin təbliği və inkişafında festivalın əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycanda bir çox festivallar keçirilsə də, onların ömrü uzun olmayıb. Ancaq “Azərbaycan ailəsi” film festivalı artıq 8-ci dəfə keçirilir. “Eyni zamanda Azərbaycanda yaradıcı gənclər bu festival vasitəsilə öz ideyalarını, fikirlərini həyata keçirirlər” – deyə C.Quliyev əlavə edib.
Çıxışlardan sonra mükafatlandırma mərasimi başlanıb. Cari ilin 29 mart tarixində start verilmiş festivala təqdim olunan işlər 29 oktyabr 2016-cı il tarixinədək qəbul edilib. 7 ay ərzində festivala həvəskar və peşəkar 31 iştirakçı tərəfindən 38 film, 22 iştirakçı tərəfindən isə 82 fotoşəkil təqdim olunub. Festivalın ideyasına uyğunluq baxımından 28 iştirakçı tərəfindən təqdim edilmiş 35 film və bütün fotoşəkillər müsabiqəyə qəbul edilib. Təqdim olunan işlər 13 nəfərdən ibarət nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticə etibari ilə, 8 fotoşəkil və 10 film dövlət qurumları, nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən yüksək qiymətləndirilərək və gözəl təbliğat vasitəsi kimi dəyərləndirilərək xüsusi mükafatlara layiq görülüblər. Festivalın əsas ideyası baxımından fərqlənən işlər 9 əsas nominasiya üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Festivalda “Ən yaxşı fotoşəkil” nominasiyası üzrə MirCalal Kəngərlinin “Dünya bizə dar gəlir” fotosu və “Baş mükafat” nominasiyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Nəcəfi Göl Dariyoşun “Səs” bədii filmi qalib seçilib.
Tədbirdə Azərbaycan Dövlət Filarmoniyasının və “Üns” Yaradıcılıq səhnəsinin solisti İlham Nəzərov, Beynəlxalq müsabiqələr laureatı Aqşin Abdullayev və Qaya Vokal qrupunun ifasında musiqilər səsləndirilib. Tədbir birgə “Ailə” fotosunun çəkdirilməsi ilə yekunlaşıb.