“Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının (“Kidsafe”) təqdimatı keçiriləcək
Share:
Son illər ərzində dünyada internet resursları vasitəsilə aldatma yolu ilə uşaqlar məcburi əməyə, cinsi zorakılığa, narkotiklərin satışına cəlb edilir, həmçinin digər hüquqları pozulur. Azərbaycan Respublikasında uşaqların internet təhlükəsizliyinin təmin edilməsi məqsədilə silsilə tədbirlər keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən internetdə uşaq hüquqlarının müdafiəsi məqsədilə milli qanunvericilk təkmilləşdirilir, maarifləndirici tədbirlər keçirilir, təhlükəsizlik proqram sistemləri yaradılır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir”. Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” Qanun layihəsi artıq qəbul olunub.
Yuxarıda sadalanan məsələlər ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Kapital Bank ASC-nin dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılmışdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək. Qeyd etmək istəyirik ki, icra edilən tədbirlər Hökumətin Uşaq Hüquqları haqqında Konvensiyaya dair hesabatında əks etdiriləcək. Sadalanan problemlərin aradan qaldırılması uşaqların inkişafına, təhsilinə təsir göstərəcək.
1 noyabr 2018-ci il tarixində saat 11:00-da Hökumət evinin akt zalında www.kidsafe.az proqramının təqdimat mərasimi keçiriləcəkdir. Tədbirdə uşaq hüquqlarını qoruyan müvafiq dövlət qurumları, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəkdir.
Məlumat üçün bildirək ki, www.kidsafe.az proqramında daxili 10000-dən çox pornoqrafik, ekstremiz amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunmuşdur. Eləcə də istifadəçi tərəfindən spesifik filtrləmə funksiyası da əlavə olunmuşdur. Proqramda uşağın istifadəsi zamanı keylogger sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompyuterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyasıda yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək blog sistemidə yaradılmışdırki, valideynlər səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür. Proqram təminatı E-Box şirkətinin texniki dəstəyi ilə hazırlanmışdır.
Tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kapital Bank arasında 2 illik əməkdaşlıq memorandumu imzalanacaq. Əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi sahəsində proqram sistemlərinin yaradılması, sosial çarxların çəkilməsi və bu sahədə konfransların və digər tədbirlərin təşkili nəzərdə tutulmuşdur.