“Qohum evlilikləri və talassemiya” mövzusunda tədbir Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində keçirilmişdir.

24 October 2018

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında yerləşən təhsil ocaqlarında gənc və yeniyetmələrin  reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, ailə planlaşdırılması və digər mövzular ətrafında maarifləndirilməsi  istiqamətində layihələr həyata keçirilir.

Bu istiqamətdə növbəti tədbir 24 oktyabr 2018-ci il tarixində saat 12:00-da Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Bakı Dövlət İqtisadiyyat və Humanitar  Kollecində təhsil alan tələbələr üçün keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənova tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva  ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə çıxış edərək, ailələri narahat edən problemlər və onların həlli istiqamətində Komitə tərəfindən görülmüş işlərdən danışıb.Kamila Əliyeva çıxışında sağlam həyat tərzinin ailənin, məişətin, asudə vaxtın və ictimai fəaliyyətin səmərəli təşkilini özündə əks etdirdiyini bildirərək eyni zamanda sağlam həyat tərzinin ailədaxili münasibətlərdə şiddətin və zorakılğın profilaktikasının olduğunu qeyd edib.  
Sonra çıxış edən Səhiyyə Nazirliyinin həkim-metodisti Lətafət Dadaşova  “Qohum evlilikləri və talassemiya” mövzusunda təqdimatla çıxış etmişdir. O, sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, siqaret), QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, qohum evliliklərdən yarana biləcək fəsadlardan tədbir iştirakçılarına geniş məlumat vermişdir. Daha sonra Azərbaycan Ailəsi Film Festivalına təqdim olunan “Xoşbəxtliyin açarı” və “Ailə bir ağacdır” filminin  nümayişi böyük diqqətlə  izlənilmişdir. Sonda mövzu ətrafında müzakirələr aparılmış və Kollec tələbələrini maraqlandıran suallara cavab verilmişdir. Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları Kollecin kitabxanasına və tədbir iştirakçılarına təqdim olunmuşdur.