Biləsuvarda Qadın Resurs Mərkəzi vətəndaşların istifadəsinə verildi
Share:
7 dekabr 2016-cı il tarixində Biləsuvar rayonunda, Heydər Əliyev Mərkəzində “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində Qadın Resurs Mərkəzinin açılışı olub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə tanışlıq olub.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması və formalaşmasında həmişə müstəsna rol oynayıb. Vurğulanıb ki, Biləsuvar rayonunda da qadınlar ictimai həyatda yaxından iştirak edirlər. Diqqətə çatdırılıb ki, Biləsuvarda Qadın Resurs Mərkəzinin istifadəyə verilməsi rayon üçün xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin açılışı rayonda qadınların ictimai fəallığının daha da artırılmasına öz töhfəsini verəcək.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək qeyd edib ki, Biləsuvar Qadın Resurs Mərkəzinin istifadəyə verilməsində məqsəd qadınların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etməkdən ibarətdir. “Mərkəz qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünüifadə üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərəcək.”
Dövlət Komitəsinin sədr müavini məlumat verib ki, bu günədək Qadın Resurs mərkəzləri 416 qadını özündə birləşdirir. “Mərkəzlərdə 350-dən çox qadın üçün təlim təşkil edilib, qadınlar tərəfindən idarəolunan 50-dən artıq biznes layihəyə kömək göstərilib, eləcə də gender məsələləri və zorakılıqla bağlı maarifləndirmə kampaniyasında 450-dək uşaq, qadın və kişi məlumatlandırılıb.”
Qeyd olunub ki, 2016-2018-ci illəri əhatə edən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” adlı layihənin məqsədi qadınların hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunu yüksəltmək və vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə kənd qadınlarının cəmiyyətdə iqtisadi və siyasi iştirakını artırmaqdır. Qeyd edilib ki, layihə Avropa İttifaqı və BMTİP tərəfindən maliyyələşdirilir, BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Avropa İttifaqının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Malena Mard, BMT–nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nin rezident nümayəndəsi Qulam İsakzai layihə çərçivəsində görülən işlərdən danışıb və iştirakçıların suallarını cavablandırıblar.
Tədbir çərçivəsində təlimlərdə fərqlənən 13 qadına sertifikat təqdim edilib, qadınların əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Daha sonra rayonda qadınlar tərəfindən yaradılmış biznes sahələrinə baxış keçirilib.