Dövlət Komitəsinin sədrinin BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Alanna Armitage ilə görüşü keçirildi
Share:
24 Sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru xanım Alanna Armitage ilə görüşü keçirilib.
BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Alanna Armitagenin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri BMT-nin Əhali Fondunun Azərbaycan üzrə Ölkə Direktoru cənab Karl Kulessa, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə baş müşaviri cənab Fərid Babayev və digərləri görüşdə iştirak ediblər.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonağı salamlayaraq, ölkədə gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi dəstəyi nəticəsində olduğunu vurğulayıb. O qeyd edib ki, 2006-cı ildən etibarən Azərbaycanda gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunlar qəbul olunub, eyni zamanda, komitə sədri bu qanunların qəbul edilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da böyük dəstəyini qeyd edib.
Hicran Hüseynova BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün fomalarının ləğv ediməsi üzrə Komitəsinin (CEDAW Komitəsi) tövsiyələrinin icrası sahəsində əldə edilmiş nailiyyətləri ilə qonaqlarla bölüşüb.
Eyni zamanda, Komitə sədri Gender bərabərliyi və Məişət zorakılığı ilə mübarizəyə həsr edilmiş Milli Fəaliyyət Planının layihələrin hazırlandığı bildirib və selektiv abortlar, erkən nikahla və ailədə zorakılıqla mübarizə sahələrini əhatə edəcəyini qeyd edib.
BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru xanım Alanna Armitage qəbula görə xanım sədrə minnətdarlıq bildirib. O, ölkədə qadın hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlərin müsbət nümunə kimi digər dövlətlərə göstərildiyini bildirib.
Eyni zamanda Alanna Armitage ölkədə olan selektiv abortlar və məişət zorakılığı problemləri ilə mübarizənin gücləndirilməsini ehtiyacını vurğulayıb. Bununla da bağlı ikitərəfli layihələrin davam etdirilməsini təklif edib.
Dövlət Komitəsinin sədri birgə maarifləndirici layihələrin keçirilməsi ilə bağlı dəstəyini bildirib və BMT-nin Əhali Fondu ilə inamlı və sıx münasibətlərin olduğunu bir daha qeyd edib.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və yeni layihələr haqqında müzakirələr aparılıb.