Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə konfrans keçirilib

28 August 2018

Share:

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 28 avqust 2018-ci il tarixində, saat 11:00-da “Monolit Plaza” otelinin konfrans zalında “Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi” mövzusunda  konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev əvvəlcə Fondun fəaliyyət istiqamətlərindən danışıb və ailə dəyərlərinin əhəmiyyətindən, müasir dövrdə Azərbaycan ailəsinin qarşılaşdığı problemlərdən bəhs edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə münasibətlərinin hüquqi  tənzimi” mövzusunda çıxış edib. “Azərbaycan Respublikasının Ailə Məcəlləsi” barədə tədbir iştirakçılarına məlumat verən Taliyə İbrahimova ailə hüququnun əsas prinsiplərindən bəhs edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “Ailə və din” mövzusunda çıxış edib. O, həmçinin çıxışı zamanı qeyd edib ki, dini radikalizmə, xurafata qarşı mübarizədə, ailə idarəçiliyində, uşaqların təlim-tərbiyəsində qadınlar mühüm rol oynayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova “Qloballaşma və ailə” mövzusunda çıxış edib. Cəmiyyətin əsas özəyi olan ailəyə qloballaşmanın mənfi və müsbət təsirlərinin olduğunu qeyd edən Aynur Veysəlova bu əks təsirlərin aradan qaldırılmasında gənc nəslin sağlam, savadlı, vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının vacibliyini diqqətə çəkdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova “Ailənin psixoloji iqlimi” mövzusunda çıxış edib. O bildirib ki, ailədə ər və arvadın maraq və ideyalarının, şəxsiyyət keyfiyyətlərinin, xarakter əlamətləri və temperament tiplərinin uyumlu olub-olmamasının psixoloji iqlimə əhəmiyyətli dərəcədə təsir göstərməsindən, ailədaxili konfliktlərin həlli yollarından danışmışdır.

Sonda mövzular üzrə müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.