Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq quruplarının fəaliyyətlərinin daha da təkmilləşdirilməsi sahəsində Lənkəran şəhəri, Cəlilabad və Lerik rayonlarında tədbirlər keçirilib
Share:
Məlumat üçün qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.5.2.1.-ci bəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə edilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli, 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.5.7.-ci bəndində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması nəzərdə tutulub.
Bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qurupları yaradılıb. Qruplarda “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr, 537 nömrəli Fərmanında göstərilən səlahiyyətli dövlət orqanları təmsil olunurlar.
Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən avqust ayının 16- da Lənkəran şəhərində və Cəlilabad rayonunda, 17-də isə Lerik rayonunda Monitorinq qruplarının üzrlərinin iştirakı ilə görüşlər keçiriib. Tədbirdə Monitorinq qruplarının rəhbərləri tərəfindən icra hakmiyyətlərinə məişət zorakılığı ilə bağlı daxil olmuş müraciətlər və görülmüş işlər barədə ətraflı məlumat verilib, zorakılıq halları müşahidə olunan ailələrin profilaktik qeydiyyata alındığı və həmin ailələrlə iş aparıldığı, məişət zorakılığı ilə bağlı faktlara dair məlumatların Məlumat Bankına ötürüldüyü qeyd olunub.
Dövlət Komitəsinin aparatının rəhbəri Ceyran Rəhmətullayeva ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat verib. Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova Məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı çıxış edib.
Monitorinq qrupunun üzvləri bu məsələlərlə bağlı geniş müzakirələr apararaq gələcəkə bu sahədə daha səmərəli fəaliyyət göstərəcəklərini qeyd ediblər.