Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitənin (CEDAW) Azərbaycana verdiyi son tövsiyələrin icrası ilə bağlı konfrans keçirilib

21 October 2015

Share:

Oktyabrın 21-də  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə konfrans keçirilib.

Konfransda BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitəsinin (CEDAW) Azərbaycan ilə bağlı son tövsiyələrinin icrası məsələləri müzakirə olunub.

Konfrans müxtəlif dövlət qurumlarının təmsilçiləri, QHT rəhbərləri və ictimai xadimlər iştirakı ilə baş tutub.

Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitənin (CEDAW)  ölkəmizə verdiyi tövsiyələrdən danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu istiqamətdə  Azərbaycanın gördüyü işlər haqda məlumat verib. Komitə sədri ölkəmizdəki ən əsas problemlər kimi erkən nikah, qadın zorakılığı, qadın hüquqlarının pozulması haqqında danışıb. Onun sözlərinə görə, Azərbaycanda erkən nikah faktları digər dövlətlərlə müqayisədə çox azdır. H.Hüseynova: “İnsanlar özləri erkən nikaha qarşı çıxış etməyincə, rəsmi strukturların apardığı işlərin xeyri olmayacaq.”

Komitə sədri son illər ərzində qadınların əldə etdiyi nailiyyətlərdən və bugünkü tədbirin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycanda diplomat qadınların sayı artaraq 181-ə çatıb. Ölkədə 85 rayon İcra Hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78, qadın hakimlərin sayı 65-ə çatıb. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri, rəhbər vəzifələrdə çalışanların 84 nəfəri, notariusda çalışanların isə 40 nəfəri qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır.

Konfransda BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə yeni təyin olunmuş regional direktoru Karl Kulessa qeyd edib ki, Azərbaycanda məişət zorakılığına ilə mübarizə üzrə qanun qəbul edilməsi təqdirəlayiqdir və qanunvericiliyin qəbul edilməsi mühüm bir addımdır. Diqqətə çatdırıb ki, qanun tam icra olunması da çox vacibdir.

O bildirib ki, qadınlara və qızlara qarşı zorakılıq insanlığın ən utancverici insan haqları pozuntusu halıdır. İllər ərzində bir sıra ölkələr ya yeni qanunlar qəbul ediblər, ya da mövcud qanunları təkmilləşdiriblər. Lakin qanunların icrası ilə bağlı müəyyən problemlər var. Bir sıra ölkələr bu istiqamətdə öhdəliklərini yerinə yetirə bilmirlər. Bu istiqamətdə razılaşdırılmış və geniş tədbirlər həyata keçirilməli, qadınların səlahiyyətləri artırılmalıdır.

K.Kulessa onu da qeyd ki, siyasi iradənin olması və səhiyyə sahəsində qadınlara imkanların yaradılması olduqca vacib məsələlərdəndir. Diqqətə çatdırıb ki, qadınlara qarşı zorakılıq cəmiyyətdə qadınlara və kişilərə fərqli yanaşmadan irəli gəlir.

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov zorakılıqla nəticəsində qeydə alınmış faktlar haqqında məlumat verərək bildirib ki, törədilən cinayətlərin 1780-i zorakılıqla bağlıdır. “Cinayət törədənlərin  49-u yetkinlik yaşına çatmayanlardır. Qısqanclıq zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı 600-dür. Bununla yanaşı, qadınlara qarşı cinayət törətmiş 2630 şəxs məsuliyyətə cəlb edilib”. H.Eyvazov həmçinin qeyd edib ki, bu ilin doqquz ayı ərzində qadınlar tərəfindən 1050 cinayət törədilib ki, bunlardan 70-i də qəsdən törədilib.

İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova ölkədə sahibkar qadınların sayının artdığını bildirib: “Bu gün kiçik və orta sahibkarlıqla məşğul olmaq qadınlara maliyyə müstəqilliyi vermiş olur. Bu qadınların ailələrinə və özlərinə vaxt ayırmaq imkanı daha çox olur. Nazirlik olaraq biz bu işi dəstəkləməliyik. Düzdür, bu gün dünyada beynəlxalq şirkətlərdə rəhbərlik edən qadınların sayı azdır. Bu, bizdə də belədir. Yəqin ki, qadının güc, zaman tələb edən vəzifələrdə çalışması müəyyən problemlər yaradır deyə Azərbaycanda bacarıqlı qadınlar özünü daha çox ailəyə sərf etmək qərarını verir. Buna baxmayaraq, son 3 ildə sahibkarlıqla məşğul olan qadınların sayı 17-dən 19%-ə qalxıb. 2012-2014-cü ildə sahibkarlıqla məşğul olan qadınlara 55.5 milyon manat məbləğində güzəştli kredit verilib. Bu ilin 9 ayı ərzində 4249 sahibkara 160 milyon manat kredit verilib. Bunların 639-u qadın sahibkarlardır ki, onlara 20 milyon manat kredit verilib. Ötən il qadınlara ayrılan kredit ümumilikdə 9 milyon idi”.

Tədbirdə qarşıdakı dövrdə əməkdaşlıq istiqamətləri və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.