Azərbaycan Qadınlarının V Forumunun iştirakçılarına
Share:
Hörmətli Forum iştirakçıları!
Əziz xanımlar!
Sizi Azərbaycan Qadınlarının V Forumunun açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Forumun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçirilməsinin dərin rəmzi mənası vardır. Azərbaycan qadınları dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl, məhz müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında yaxından iştirak etməyə başlamışlar. Ötən müddətdə onlar ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulmasında əzmkarlıqla çalışmış, nailiyyətlərlə zəngin bir yol keçmişlər. Şərq qadınları arasında bir sıra sahələrdə ilk addımların Azərbaycan qadını tərəfindən atılması ona ənənəvi olaraq cəmiyyətimizdə böyük ehtiram bəslənməsinin, onun öz bilik və bacarığını gerçəkləşdirə bilməsinə lazımi şərait yaradılmasının nəticəsidir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şücaət və qəhrəmanlıqlar göstərmiş qadınlarımız həmin illərin mürəkkəb hadisələri zamanı yüksək vətənpərvərlik əzmi və istiqlal ideallarına sadiqlik nümayiş etdirdilər. Onlar çoxəsrlik milli-mənəvi dəyərlərimizi, müqəddəs ailə ənənələrimizi bu gün də layiqincə yaşadır, ölkəmizin sosial-iqtisadi və elmi-mədəni potensialının artırılmasında, multikultural və tolerantlıq mühitinin qorunmasında qüvvələrini əsirgəmirlər. Azərbaycan dövlətinin qadınlarla bağlı apardığı ardıcıl siyasət ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla qadınların bərabər hüquq və imkanlarının təmin edilməsinə yönəlmişdir. Forumunuzda qəbul olunacaq qərarların bu siyasətin təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyimi ifadə edirəm.
İnanıram ki, Forum gender bərabərliyi siyasətinin həyata keçirilməsi istiqamətində ölkədə son illər ərzində görülmüş işləri qiymətləndirəcək, qarşıdakı dövr üçün prioritetləri müəyyənləşdirərək mühüm vəzifələr irəli sürəcək və qadınları Azərbaycanın inkişafı naminə öz fəallıqlarını daha da artırmağa sövq edəcəkdir.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2018-ci il.