“Reproduktiv sağlamlıq və erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barədə məlumatlandırma” mövzusunda tədbir keçirildi

19 April 2018

Share:

            Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublikamızın şəhər və rayonlarında gənclərin müasir dövrün aktual məsələləri ilə bağlı maarifləndirilməsi istiqamətində müxtəlif genişmiqyaslı layihələr həyata keçirir.

Bu istiqamətdə keçirilən layihələrin davamı kimi, 18 aprel 2018-ci il tarixində Təhsil Nazirliyinin dəstəyi ilə Səhiyyə Nazirliyi ilə birgə Təhsil Nazirliyinin tabeliyində olan Bakı Xoreoqrafiya Akademiyası nəzdində Kollecdə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması sahəsində gənc qızların maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Kollecin Təlim-tərbiyə işləri üzrə direktor müavini Olqa Həşimova qonaqları və tədbir iştirakçılarını salamlayaraq, bu istiqamətdə tədbirlərin təhsil müəssisələrində, xüsusilə gənclər arasında keçirilməsinin böyük əhəmiyyətindən danışaraq, tədbirin təşkilatçılarına Kollec rəhbərliyi adından öz minnətdarlığını bildirib.

Erkən nikah hallarının yaratdığı fəsadlar, bu istiqamətdə mövcud və aparılan siyasət, eyni zamanda reproduktiv sağlamlıq və həyata keçirilən tədbirlər barədə çıxış edən Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Kollec tələbələrini aktiv olmağa, onları maraqlandıran və narahat edən sualları ekspertlərə ünvanlanmağa səsləyib.

Tədbirdə Səhiyyə Nazirliyinin eksperti qismində çıxış edən həkim-metodist, ginekoloq Afət Məmmədova gənclərin reproduktiv sağlamlığı, sağlam həyat tərzinin verəcəyi gözəl gələcək barədə təqdimatla çıxış edib və verilən suallar barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Tədbirdə qeyd olunan mövzular barədə “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş 3 qısametrajlı film nümayiş olunub.

Sonda tədbir iştirakçılarına Dövlət Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış maarifləndirmə vəsaitləri paylanıb.