Sentyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Hökumət Evinin konfrans zalında “Uşaqların internet təhlükəsizliyi” mövzusuna həsr olunmuş təlim keçirilib.
Share:
Tədbirdə aktiv fəaliyyəti ilə seçilən məktəblilər, ekspertlər və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova əvvəlcə iştirakçıları salamlayaraq Azərbaycanda uşaq siyasətinin həyata keçirilməsinin Komitənin əsas istiqamətlərindənbiri olduğunu qeyd edib. Və bu yöndə bir çox əhəmiyyətli tədbirlərin təşkil olunmasından, xüsusən də Uşaq Forumlarının keçirilməsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, uşaqların iştirakı ilə baş tutan mühüm tədbirlər onların inkişafının və aktiv fəaliyyətinin əsasını təşkil edir. İnternetin əsas istifadəçilərinin uşaq və yeniyetmələr olduğunu qeyd edən sədr müavini bu təsirə də elə onların daha çox məruz qaldığını vurğulayıb. Daha sonra çıxış etmək üçün söz Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə verilib. Osman Gündüz əvvəlcə Komitə rəhbərliyinə bu kimi aktual mövzunun müzakirəsinə həsr olunmuş tədbirin təşkili üçün öz təşəkkürünü bildirib və tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, uşaqları kibertəhlükələrdən mühafizə etmək üçün mobil təhlükəsizlik imkanlarından faydalanmaq mümkündür. İnternetin müsbət və mənfi xüsusiyyətlərini qeyd edən Osman Gündüz valideyn və məktəbin məsuliyyətinin də vacibliyini vurğulayıb. O, uşaqların qarşılaşa biləcəyi təhlükələr barədə ətraflı məlumat verərək uşaqların kompüterdəki internet fəaliyyətini və telefonda zənglərini necə izləməyin yollarını diqqətə çatdırıb. Osman Gündüz həmçinin öz təklifini irəli sürərək bildirib ki, ölkəmizdə uşaqların internet təhlükəsizliyini daha güclü təmin etmək üçün Komitənin nəzdində vahid qaynar xətt yaradılmalıdır. Qaynar xətt vasitəsilə uşaqlar həm texniki həm də psixoloji çətinliklərlə bağlı zəng edib məsləhət ala bilərlər. Daha sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Faiq Ağayev “Uşaq hüquqları” mövzusunda çıxış edərək uşaq hüquqlarının müdafiəsi haqqında ətraflı məlumat verib. Tədbir uşaqların mövzu ətrafında müzakirəsi ilə davam edib. Məktəblilər öz təklif və iradlarını bildirərək aktiv şəkildə fikir mübadiləsi aparıblar. Yekunda tədbir iştirakçıları sertifikatla təltif olunublar.