“Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması naminə sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində keçirilmişdir.
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında yerləşən təhsil ocaqlarında gənc və yeniyetmələrin reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, ailə planlaşdırılması və digər mövzular ətrafında maarifləndirilməsi istiqamətində layihələr həyata keçirilir.
Bu istiqamətdə növbəti tədbir 16 mart 2018-ci il tarixində saat 11:00-da Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Təhsil nazirliyinin tabeliyində olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alan kollecin oğlan tələbələri üçün keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edən Şahin Orucov tədbir iştirakçılarını salamlamış, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirmiş və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Daha sonra, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə çıxış edərək, ailələri narahat edən problemlər və onların həlli istiqamətində görülmüş işlərdən danışmış, eyni zamanda xüsusilə aktual olan ailə zorakılığı, erkən nikah, insan alveri, qan qohumluğunun fəsadları barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Gülnarə Məmmədova milli-mənəvi dəyərlərə yiyələnməklə gənc nəslin milli və sağlam ruhda tərbiyə olunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulamışdır.
Daha sonra Azərbaycan Ailəsi Film Festivalına təqdim olunan “Hədəf” filminin nümayişi böyük diqqətlə izlənilmişdir.
Sonra çıxış edən ictimai səhiyyə mütəxəssisi, sosioloq Fərid İsrafilzadə “Sağlam həyat tərzinin təbliği” mövzusunda təqdimatla çıxış etmişdir. O, sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, siqaret), QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, reproduktiv sağlamlıq barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir. Fərid İsrafilzadə eyni zamanda qida rejiminin orqanizm üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmış, gənclərin düzgün qidalanmasının və qəbul etdikləri ərzaqların keyfiyyətinə diqqət yetirməsinin zəruri olduğunu bildirmişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış və Kollec tələbələrini maraqlandıran suallara cavab verilmişdir. Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunmuşdur.