İstanbul şəhərində Cəmiyyət və Gənclik adlı 8-ci İslam Forumu keçirilir
Share:
1-3 mart 2018-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində “Nəzəriyyə və Təcrübədə Ruhani Hakimiyyət və İnteqrasiya” mövzusunda 8-ci Dünya İslam Forumu keçirilir.
Ölkəmizi həmin Forumda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova təmsil edir. Dövlət Komitəsinin sədr müavini “Azərbaycanda qadın iştirakçılığının artırılması” mövzusunda çıxış edib.
Sədr müavini bildirib ki, Dünya Müsəlman Qadınlarının 8-ci Sammiti qlobal təcrübədən yararlanmaqda vacib fürsətdir, eyni zamanda, konstruktiv dialoq və birgə həll variantları üçün zəmin yaradır. Buna görə də keçirilən bu Sammit olduqca böyük ictimai əhəmiyyətə malikdir. Qadınların iştirakçılığının artırılması bütövlükdə cəmiyyətin inkişafına, yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial müfuzunun artmasına və bir çox hallarda gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.
"Bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır ", deyə qeyd edən Sədaqət Qəhrəmanova qeyd edib ki, bu məsələ Azərbaycan üçün prioritetdir. Tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd edilir. Bu gün də Azərbaycanda qadınların inkişafı, gender bərabərliyinin təmin olunması istiqamətində sistemli şəkildə ardıcıl tədbirlər həyata keçirilir.
Sonda Forumun işinə uğurlar arzulayıb və bildirib ki, əminəm ki, bu tədbirdə sahibkarlıq fəaliyyətinin artırılması, qadın hüquqlarının qorunması, ölkələrarası əməkdaşlığın davam etdirilməsi ilə bağlı səmərəli və aktiv müzakirələr aparılacaq, həmçinin, qadın hüquqlarının daha da gücləndirilməsinə öz töhfəsini verəcəkdir.
Forumla eyni tarixdə “Dünya Müsəlman Qadınları Sammiti və Müsəlman Gənclik Zirvə Toplantısı və Sərgiləri” təşkil ediləcəkdir.
Həmçinin “İslam Dünyası İstanbul Mükafatları”nın üçüncüsü, “9-cu Dünya İslam Forumu Səlahiyyətli Şəxslər heyyəti Yığıncağı” və “Osmanlı Dövlətində Təsəvvüf Həyatının Korporativ İdarəsi” başlıqlı simpozium da keçiriləcək.