Gəncə şəhərində ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

28 February 2018

Share:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam  edir.

2 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova  Gəncə şəhəri Kəlbəcər qəsəbəsindəki Mədəniyyət evində saat 10:00-da  vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Göygöl,  Naftalan,  Mingəçevir,  Yevlax,  Goranboy, Xocalı,  Gəncə, Samux rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Gəncə şəhərində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.