“CEDAW konvensiyası və onun əlavə protokolu” mövzusunda təlim keçirildi

20 октября 2017

Поделиться:

20 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının  gücləndirilməsi” adlı layihə çərçivəsində “CEDAW Konvensiyası və onun Əlavə Protokolu” mövzusunda təlim keçirilib. 

Təlimin keçirilməsində məqsəd qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması üçün maarifləndirmə işinin aparılması olub. Təlim zamanı iştirakçılar qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərəbərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biri olduğu barədə məlumatlandırılmış, 18 dekabr 1979-cu il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Qadınlara qarşı ayrı-seşkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın məqsədinin qadınların ayrı-seçkiliyin bütün formalarından həqiqətən azad olunmasının təmin edilməsindən, qadınların inkişafı və özlərini realizə etmək üçün bərabər imkanlar yaratmaqdan ibarət olması bir daha iştirakçıların nəzərinə çatdırılıb. Bundan əlavə, təlim iştirakçılarına 2000-ci ilin fevral ayında qüvvəyə minmiş, 2001-ci ilin fevral ayında isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş Konvensiyaya Əlavə Protokol barədə ətraflı məlumat verilib. Təlim iştirakçıları Əlavə Protokolun qadınlara fərdi və ya qrup şəklində Konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması barədə birbaşa Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəyə şikayət etmək hüququ verməsi barədə məlumatlandırılıb.

Təlim iştirakçıları müzakirələr zamanı aktiv iştirak edib və bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikrini irəli sürüblər.