“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb

7 декабря 2023

Поделиться:

ADA Universiteti Kommunikasiya və Rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluq etdiyi son panelin mövzusu ’’Məişət zorakılığında medianın rolu’’ olub.

Paneldə Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Hilal Abbasov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli, Sosial tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə çıxış edərək məişət zorakılığının bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da cəmiyyətin həssas problemlərindən olduğunu qeyd edib, mətbuatda məişət zorakılığı ilə bağlı peşəkar jurnalist yanaşmasının və mövzunun düzgün şəkildə işıqlandırılmasının, xüsusilə media savadlılığının əhəmiyyətindən danışıblar.

Çıxışçılar qabaqlayıcı tədbirlərin görülməsi üçün cəmiyyətdə geniş maarifləndirmə işinin aparılması və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılması istiqamətində medianın rolunun vacibliyini vurğulayaraq, ictimai dəstək mexanizmlərinin təkmilləşdirilməsində və problemin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.

Müzakirələrdən sonra “Ağ-qara” video filmi nümayiş olunub.

Daha sonra yekun nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın uğurla başa vurulması münasibətilə iştirakçıları təbrik edərək, iki gün ərzində vacib məsələlərə həsr edilmiş panellər üzrə keçirilən müzakirələrin faydalı və səmərəli olduğunu vurğulayıb.

Qeyd edib ki, qarşıdakı dövr üçün mövcud vəziyyəti dəyərləndirərək bugünə qədər keçilən yolu və məişət zorakılığı ilə mübarizəyə dair Fəaliyyət Planının nəticələri üzərindən çıxış edərək demək olar ki, perspektivə yönələn hədəflərə daha ciddi şəkildə nəzər yetirməli, onu prioritetləşdirməliyik.

O bildirib ki, sessiyalar çərçivəsində zorakılığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin genişləndirilməsi, baş vermiş hadisələrin aşkarlanması və identifikasiyası, müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi , qurumlararası koordinasiyanın əhəmiyyəti , effektiv yeni mexanizmlərin yaradılması və beynəlxalq səviyyədə müəyyən edilmiş normaların Azərbaycan standartlarına uyğunlaşdırılması ilə bağlı müzakirələr yeni hədəflərin müəyyənləşməsi işinə töhfə verəcək.