Bahar Muradova yeni seçilən könüllü gənclərlə görüşüb

6 ноября 2023

Поделиться:

6 noyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, könüllülük proqramına seçilən gənclərlə görüşüb.

Könüllülük proqramı ilə bağlı məlumat verən sədr müavini Aynur Sofiyeva qeyd edib ki, 9-27 oktyabr 2023-cü il tarixdə elan edilmiş könüllülük proqramında iştirak üçün ümumilikdə 41 nəfər müraciət edib və onlardan 30 nəfəri üçün seçilib. Eyni zamanda sədr müavini, Komitənin Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olduğunu vurğulayıb. A.Sofiyeva, proqramda iştirak edən gənclərin təcrübə prosesi ilə bağlı məlumatları diqqətə çatdırıb.

Gəncləri salamlayan Komitə sədri Bahar Muradova, könüllülük hərəkatının tarixinə nəzər salıb. O, könüllülüklə bağlı ideyanın yarandığı gündən beynəlxalq təcrübənin öyrənildiyini, daha sonra “Könüllü fəaliyyət haqqında” Qanunun qəbul edildiyini, 2014-cü ildə isə ilk Forumun keçirildiyini xatırladıb.

Komitənin könüllülük istiqamətində fəaliyyətinə diqqət çəkən sədr, cəmiyyətin bütün sahələrini əhatə etmək məqsədilə, “Uşaq Səfirlər Məclisi” timsalında uşaqların, hazırkı proqramla gənclərin, “Ailəm könüllüləri” timsalında isə müxtəlif ailələrin bu işə cəlb olunduğunu söyləyib.

Sonda könüllülərə tövsiyələrini səsləndirən sədr, burada qazanacaqları təcrübə ilə, təkcə ailə, qadın və uşaq məsələləri ilə bağlı deyil, ölkənin sosial-ictimai həyatının bütün sahələrində iştirak etmələrinin vacibliyini qeyd edib. O, qadın və uşaq hüquqlarının, eləcə də gender bərabərliyinin təmin olunması işinə töhfə vermək sahəsində gənclərin təmərküzləşməsi, bir-birinə dəstək olması baxımından belə layihələrin əhəmiyyətli olduğunu vurğulayıb. B.Muradova proqrama qatılan gənclərin hər birinin gələcəkdə ictimai fəal ola biləcəyini deyib və onlara təcrübə proqramında uğur arzulayıb.

Könüllülük proqramı ilə bağlı fikirlərini səsləndirən gənclər qadın və uşaq hüquqlarının təmin olunması, gender bərabərliyi, eləcə də sosial işlə bağlı təcrübənin əhəmiyyətini qeyd ediblər. Proqram sayəsində öyrəndikləri yeni bilikləri gələcəkdə öz fəaliyyətlərində tətbiq edəcəklərinə inandıqlarını bildiriblər.

Görüş müzakirə ilə davam edib.

Qeyd edək ki, könüllülük proqramının təşkil olunmasında məqsəd gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, peşə vərdişləri aşılamaq və təcrübi biliklərini artırmaqdır.