“Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib

27 октября 2023

Поделиться:

Dövlət Komitəsinin müraciətinə əsasən “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib

27 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciətinə əsasən Milli Məclisin İnsan hüquqları və Ailə, qadın və uşaq komitəsinin “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib.

Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq hüquqlarına dair və Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair komitələrinin Azərbaycanın dövri hesabatlarına əsasən tövsiyələr verdiyini söyləyib. O, ölkə parlamentinin bu məsələləri hər zaman diqqətdə saxladığını qeyd edib, müzakirə olunan mövzu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin, bu sahədə müasir çağırışların nəzərə alınmasının vacibliyindən bəhs edib. Komitə sədri parlamentin təmsilçilik funksiyasının yüksək səviyyədə yerinə yetirildiyini qeyd edib, qəbul olunan qanunların icrası mexanizmlərinin səmərəliliyinin təmin edilməsində parlamentin rolundan danışıb.

Bahar Muradova Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu qadın siyasətinin bu gün uğurla davam etdirildiyini bildirib. Dövlətimiz tərəfindən qadın və uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirildiyini, bu sahədə ölkəmizdəki mövcud vəziyyətin bir sıra digər ölkələrdən fərqli olaraq yüksək səviyyədə olduğunu deyib. O, həyata keçirilən tədbirlərə baxmayaraq, ölkəmizdə müəyyən problemlərin olduğunu da qeyd edib. Bu problemlərin həlli ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, onların aradan qaldırılmasında cəmiyyətin rolu barədə fikirlərini açıqlayıb.

Komitə sədri BMT-nin müvafiq komitələrinin ölkəmizdəki vəziyyəti dəyərləndirmələri, çıxış yolları ilə bağlı tövsiyələrinin bizim mövqeyimizlə əsasən eyni olduğunu, lakin bəzi istisnaların da olduğunu söyləyib. O, bu tövsiyələrə əməl edilməsində hər bir ölkənin dövlət və milli maraqlarının nəzərə alınmasının əhəmiyyətindən danışıb.

B. Muradova bildirib ki, bu tövsiyələr bir sıra istiqamətləri əhatə edir, xüsusilə parlamentin rolu burada üstünlük təşkil edir. O, cəzaların sərtləşdirilməsi, əməkhaqqı, əmək bazarında qadınların yeri, rolu, əldə etdiyi nəticələrə dair məsələlərin vacibliyindən bəhs edib, bu və digər sahələrdə qadınların bərabər hüquqlarının təmin olunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələrə diqqət çəkib. Komitə sədri qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin bir sıra dövlət proqramlarında da öz əksini tapdığını söyləyib, bu sahədə prioritet istiqamətləri nəzərə çatdırıb.

Tədbirdə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək, BMT-nin BMT-nin Uşaq hüquqlarına dair və Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair komitələrinin tövsiyələri barədə məlumat veriblər.

Təqdim edilən məlumatlara əsasən müzakirə aparılıb və təkliflər səsləndirilib.

Ətraflı:

https://www.meclis.gov.az/news.php?id=5119&lang=az