Aynur Sofiyeva Gəncə Autizm Mərkəzinin açılış mərasimində iştirak edib
Поделиться:
11 aprel 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Gəncə Autizm Mərkəzinin açılış mərasimi keçirilib.
“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova açılış nitqi ilə çıxış edərək, layihə barədə geniş məlumat verib, Gəncə şəhəri ilə yanaşı, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Tovuz rayonlarında autizm spektr pozuntulu şəxsləri və onların ailələrini əhatə edən layihə çərçivəsində risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaqların müəyyənləşdirildiyini, onlara yerli və beynəlxalq mütəxəssislər tərəfindən müvafiq təlimlərin keçirilməsinə başlanıldığını bildirib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Autizm Mərkəzinin Gəncə şəhəri ilə yanaşı, bölgəyə də mühüm töhfə verəcəyini qeyd edib. O, bu layihənin autizm spektr pozuntusu olan şəxslərin və ailələrinin dəstəklənməsi, onların xidmətlərə cəlb olunması, mütəxəssislərin hazırlığı, bölgədə maarifləndirmə işinin aparılmasında önəmli rol oynayacağını bildirib.
A.Sofiyeva qeyd edib ki, dövlət tərəfindən həssas təbəqədən olan insanların xidmətlərə əlçatanlığının təmin olunması, sosial dəstək istiqamətində məqsədyönlü siyasət həyata keçirilir.
Xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlət və cəmiyyət üçün mühüm olan layihələri həyata keçirərək, bu sahəyə göstərdiyi diqqəti vurğulayan A. Sofiyeva Mərkəzin açılışının bu istiqamətdə növbəti layihə olduğunu qeyd edib.
Sədr müavini “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlıq haqqında məlumat verərək, bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini bildirib.
Dünya Autizm Maarifləndirmə ayında təşkil edilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Fərzəliyev, Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev çıxış edərək, layihə barədə fikirlərini bölüşüblər.
Daha sonra qonaqlar Gəncə Autizm Mərkəzində məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq uşaqlar üçün tam ödənişsiz əsaslarla təşkil edilən təlim və bərpa prosesi ilə tanış olublar, həmçinin autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.