Jurnalistlər üçün təşkil olunan “Məişət zorakılığı media müstəvisində” mövzusunda təlimin bağlanış mərasimi keçirilib

22 октября 2021

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsinin dəstəyi ilə jurnalistlər üçün “Məişət zorakılığı media müstəvisində” mövzusunda keçirilən 4 günlük təlim başa çatıb.
Bakı Dövlət Universitetində təşkil olunan təlimdə Dövlət Komitəsinin əməkdaşları, ölkənin bir sıra mətbuat orqanlarını təmsil edən jurnalistlər, həmçinin Universitetin jurnalistika fakültəsinin tələbələri olmaqla 60 nəfər iştirak edib.
Dövlət Komitəsinin sədr müavini, benefisiar ölkə üzrə layihə rəhbəri Sədaqət Qəhrəmanova çıxış edərək, belə təlimlərin media nümayəndələri üçün vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, təlimdə iştirak edən hər bir jurnalist burda öyrəndiklərini gələcək fəaliyyətlərində tətbiq edəcək, beləliklə məişət zorakılığı hallarının işıqlandırılmasında yeni baxış formalaşacaq.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığın önəmini vurğulayıb. Təlimlərin jurnalistlər, xüsusilə də tələbələr üçün vacibliyini qeyd edən rektor E.Babayev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimlərin təşkilində məqsəd məişət zorakılığının mətbuatda düzgün şəkildə işıqlandırılması, zorakılığa məruz qalmış şəxslərin məxfiliyinin qorunması və zorakılıq qurbanlarından müsahibənin alınması yolları və ictimaiyyətə dəstək mexanizmləri barədə lazımi məlumatların çatdırılması sahəsində beynəlxalq təcrübənin paylaşılması olmuşdur.
Qeyd edək ki, 19-22 oktyabr 2021-ci il tarixlərini əhatə edən təlimlər avstriyalı ekspertlər Manuela Hargassner-Delpos və Thomas Hainlen tərəfindən keçirilib.